
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent institutun bir qrup əməkdaşı ilə birlikdə Ucar Stasionar Təcrübə Məntəqəsinə səfər edərək burada aparılan abadlıq, yenidənqurma və ərazinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərlə tanış olub.
Səfər zamanı məntəqənin mövcud vəziyyətinə baxış keçirilib, elmi-təcrübi fəaliyyət üçün nəzərdə tutulan ərazilərdə həyata keçirilmiş torpaq hazırlığı, yaşıllaşdırma və infrastrukturun yaxşılaşdırılması tədbirləri nəzərdən keçirilib.
Ucar Stasionar Təcrübə Məntəqəsinin müdiri Rəşad Cəfərov görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, ərazidə torpaq sahələrinin müasir lazer texnologiyası vasitəsilə hamarlanması işləri həyata keçirilib, yeni ağaclar əkilib, yaşıllıq sahələrinin genişləndirilməsi və ərazinin abadlaşdırılması istiqamətində tədbirlər görülüb. Bununla yanaşı, məntəqənin ümumi vəziyyətinin yaxşılaşdırılması və elmi-təcrübi fəaliyyət üçün daha əlverişli şəraitin yaradılması məqsədilə yenidənqurma işləri davam etdirilir.
Qeyd olunub ki, torpaq sahələrinin lazer texnologiyası ilə hamarlanması suvarma suyunun daha bərabər paylanmasına, su itkilərinin azaldılmasına və torpaqdan istifadənin səmərəliliyinin artırılmasına imkan yaradır. Bu tədbirlər gələcəkdə məntəqədə torpaq-su münasibətlərinin öyrənilməsi, meliorativ proseslərin qiymətləndirilməsi və aqroekoloji tədqiqatların aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
İnstitutun direktoru Zaur İmrani aparılan işlərin gedişi ilə maraqlanıb, məntəqənin elmi-tədqiqat potensialının gücləndirilməsi, mövcud imkanlardan səmərəli istifadə olunması və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparıb.
Görüş zamanı stasionar təcrübə məntəqələrinin coğrafi tədqiqatların inkişafında, təbii proseslərin uzunmüddətli müşahidəsində və elmi nəticələrin praktik tətbiqində mühüm rol oynadığı vurğulanıb. Xüsusilə torpaqların münbitliyinin qorunması, suvarma və meliorasiya proseslərinin öyrənilməsi, iqlim dəyişikliklərinin torpaq və bitki örtüyünə təsirinin qiymətləndirilməsi, eləcə də təbii ehtiyatlardan dayanıqlı istifadə istiqamətlərində sahə tədqiqatlarının genişləndirilməsinin vacibliyi qeyd edilib.
Müzakirələrdə məntəqənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yaşıllıq sahələrinə mütəmadi qulluq göstərilməsi, ərazinin elmi-təcrübi məqsədlər üçün daha səmərəli istifadəsi və gələcəkdə yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinə də toxunulub.
Bildirilib ki, Ucar Stasionar Təcrübə Məntəqəsində həyata keçirilən yenidənqurma və abadlıq tədbirləri yalnız ərazinin infrastrukturunun yaxşılaşdırılmasına deyil, həm də burada aparılacaq elmi araşdırmalar üçün əlverişli mühitin formalaşdırılmasına xidmət edir.
Səfərin sonunda görülən işlər müsbət qiymətləndirilib, məntəqənin elmi-təcrübi imkanlarının daha da genişləndirilməsi, mövcud infrastrukturun inkişaf etdirilməsi və müasir tədqiqat metodlarının tətbiqinin təşviq olunmasının əhəmiyyəti vurğulanıb.