Xəzər dənizinin səviyyə tərəddüdləri: səbəblər, nəticələr və ekoloji problemlər 2026-10-26 15:51:00 / MÜSAHİBƏLƏR

 Xəzər dənizi dünyanın ən böyük axarsız gölüdür. Dənizin səviyyə tərəddüdlərinin səbəblərinin öyrənilməsi, müxtəlif təbii amillərlə su səviyyəsi arasındakı əlaqələrin müəyyənləşdirilməsi və gələcək dəyişikliklərin proqnozlaşdırılması mühüm elmi-praktik əhəmiyyət kəsb edir.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elçi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsi əsasən dənizə tökülən çayların axım həcmindən, atmosfer yağıntılarından və su səthindən buxarlanmadan asılıdır. Su balansının bu elementləri isə öz növbəsində iqlim və hava şəraitinin təsiri altında dəyişir.

Xəzər dənizinə Volqa, Terek, Samur, Ural, Kür, Atrek, Səfidrud və digər böyük və kiçik çaylar tökülür. Onların ümumi orta illik axım həcmi 300 kubkilometrə çatır. Dənizə daxil olan çay sularının 80 faizi, su balansının gəlir hissəsinin isə 70 faizi Volqa çayının payına düşür. Volqanın sutoplayıcı hövzəsinə yüzlərlə çay daxildir. Oka və Kama çayları isə onun ən böyük qollarıdır.

“Xəzər dənizi vahid geosistem olduğundan burada baş verən müxtəlif proseslər və amillər arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Proseslərdən birində baş verən dəyişiklik digərlərinə də təsir göstərir. Dənizin səviyyə tərəddüdləri, su hövzəsinin çirklənməsi və bioloji ehtiyatların azalması əsas ekoloji problemlər sırasındadır”,-deyə alim bildirib.

H.Nəbiyev əlavə edib ki, Xəzər dənizi Azərbaycanın yanacaq-energetika və kimya sənayesi, balıqçılıq, sahilboyu ərazilərin kurort-rekreasiya potensialı və dəniz nəqliyyatı baxımından mühüm əhəmiyyət daşıyır. Dənizin zəngin neft-qaz yataqları, balıq ehtiyatları və xarici iqtisadi əlaqələrdəki rolu onun səviyyə dəyişmələrinin davamlı araşdırılmasını zəruri edir. Bu baxımdan səviyyə tərəddüdlərinin səbəblərinin öyrənilməsi, təbii amillərlə su səviyyəsi arasındakı əlaqələrin müəyyənləşdirilməsi və gələcək dəyişikliklərin proqnozlaşdırılması aktual məsələlərdəndir.

azertag.az