Coğrafiya İnstitutu ilə Çanaqqala Onsekiz Mart Universiteti arasında elmi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 2026-10-26 15:11:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani ilə Türkiyənin Çanaqqala Onsekiz Mart Universitetinin rektoru, professor Ramazan Cüneyt Erenoğlu arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud elmi-akademik əlaqələrin daha da inkişaf etdirilməsi, coğrafiya elmləri sahəsində birgə tədqiqatların aparılması, yüksəkixtisaslı elmi kadrların hazırlanması və iki müəssisə arasında uzunmüddətli institusional əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.

Tərəflər müasir dövrdə coğrafiya elminin qarşısında duran aktual çağırışlar, xüsusilə iqlim dəyişiklikləri, təbii ehtiyatların səmərəli idarə olunması, ətraf mühitin mühafizəsi, regional inkişaf, təbii fəlakət risklərinin qiymətləndirilməsi və dayanıqlı inkişaf istiqamətlərində birgə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşün əsas müzakirə mövzularından biri Coğrafiya İnstitutu ilə Çanaqqala Onsekiz Mart Universiteti arasında birgə doktorantura proqramının hazırlanması olub. Bu istiqamətdə doktorantların elmi-tədqiqat fəaliyyətinin hər iki müəssisənin akademik potensialından istifadə edilməklə təşkil olunması, dissertasiya mövzularının qarşılıqlı elmi maraqlar əsasında müəyyənləşdirilməsi və doktorantlara Azərbaycan və Türkiyə tərəfindən ikili elmi rəhbərliyin təyin edilməsi imkanları nəzərdən keçirilib.

Bildirilib ki, belə bir əməkdaşlıq modelinin formalaşdırılması gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasına, onların müasir tədqiqat metodologiyalarına yiyələnməsinə, akademik mobilliyin genişləndirilməsinə və elmi işlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verə bilər.

Müzakirələr zamanı, həmçinin birgə elmi layihələrin hazırlanması, beynəlxalq qrant proqramlarında tərəfdaşlıq, professor-müəllim və elmi işçi mübadiləsi, ortaq elmi ekspedisiyaların təşkili, beynəlxalq konfrans və seminarların keçirilməsi, eləcə də nüfuzlu elmi nəşrlərdə birgə məqalələrin dərc olunması istiqamətində əməkdaşlıq perspektivlərinə toxunulub.

Tərəflər elmi infrastrukturdan və mövcud tədqiqat imkanlarından qarşılıqlı istifadənin, qabaqcıl elmi təcrübələrin bölüşdürülməsinin və multidissiplinar tədqiqatların təşviqinin hər iki müəssisənin elmi potensialının inkişafına xidmət edəcəyini qeyd ediblər.

Görüşün yekununda Coğrafiya İnstitutu ilə Çanaqqala Onsekiz Mart Universiteti arasında elmi və akademik əməkdaşlığa dair memorandumun hazırlanması və gələcəkdə imzalanması istiqamətində ilkin razılıq əldə olunub. Memorandum çərçivəsində birgə elmi-tədqiqat fəaliyyətinin təşkili, doktorantura səviyyəsində əməkdaşlıq, ikili elmi rəhbərlik mexanizmlərinin formalaşdırılması, akademik mobillik və qarşılıqlı təcrübə mübadiləsi kimi istiqamətlərin əhatə olunması nəzərdə tutulur.

Görüşdə əldə olunan ilkin razılıq Azərbaycan və Türkiyənin elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ortaq elmi təşəbbüslərin reallaşdırılması və gənc alimlərin hazırlanması sahəsində əməkdaşlığın yeni mərhələyə keçməsi baxımından mühüm addım kimi qiymətləndirilib.