
2026-cı il oktyabrın 22-də VIII Avrasiya Beynəlxalq Konfransı – “Torpaq bəndlərində kaskad risklər” (RİSK-2026) və Avropa Təhlükəsizlik və Etibarlılıq Assosiasiyasının (ESRA) Cənubi Qafqaz üzrə “Kür çayı hövzəsində bəndlərin ardıcıl dağılma risklərinin qiymətləndirilməsi və modelləşdirilməsi” mövzusunda seminarının açılış mərasimi keçirilib.
Beynəlxalq konfrans AMIR Technical Services şirkətinin, Mingəçevir Dövlət Universitetinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun, Avropa Təhlükəsizlik və Etibarlılıq Assosiasiyasının (ESRA), Tbilisi Dövlət Universitetinin (Gürcüstan), Cənub-Şərqi Asiya Su Ehtiyatları və Ətraf Mühit İnstitutunun (Vyetnam), Beynəlxalq Suvarma və Drenaj Komissiyasının (ICID) və Milan Politexnik Universitetinin (İtaliya) birgə təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində ilk olaraq AR ETN Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani çıxış edib. O, konfrans iştirakçılarını salamlayaraq tədbirin torpaq bəndlərinin təhlükəsizliyinin təmin olunması, kaskad risklərin qiymətləndirilməsi və bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlu müzakirələr arzulayıb.
Daha sonra AMIR Technical Services şirkətinin baş direktoru, professor Vüqar Əliyev və Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Anar Eminov çıxış ediblər. Onlar konfransın elmi təcrübə mübadiləsi, bəndlərin təhlükəsizliyi ilə bağlı aktual problemlərin müzakirəsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm platforma olduğunu qeyd ediblər.
AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev də çıxışında su ehtiyatlarının qorunması, kəhrizlərin əhəmiyyəti və sudan səmərəli istifadə məsələlərinə toxunub. O, ənənəvi su mənbələrinin qorunmasının və bu sahədə elmi yanaşmanın vacibliyini vurğulayıb. Tədbir çərçivəsində professor Əlövsət Quliyev müəllifi olduğu kitabı Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Anar Eminova hədiyyə edib.
Konfransın plenar iclasında müxtəlif ölkələri təmsil edən alim və mütəxəssislər aktual elmi mövzular üzrə məruzələrlə çıxış ediblər. Gürcüstanın Tbilisi Dövlət Universitetinin professoru Lia Matchavariani “Su anbarlarının ətraf mühitə təsirləri: müsbət və mənfi aspektlər”, Vyetnamın Cənub-Şərqi Asiya Su Ehtiyatları və Ətraf Mühit İnstitutunun Şurasının sədri, professor Mai Trong Nhuan isə “Regional davamlı inkişaf üçün ekoloji təhlükəsizlik: nümunəvi tədqiqatın nəticələrinin icmalı” mövzularında təqdimatlar ediblər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi və doktorantı Habil Hüseynov “Mingəçevir su anbarından müxtəlif su buraxılışı ssenariləri zamanı potensial daşqınların qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə Kür çayı hövzəsində bəndlərin mümkün ardıcıl dağılma risklərinin qiymətləndirilməsi və modelləşdirilməsi, su anbarlarında qəza ssenarilərinin təhlili, daşqın təhlükələrinin proqnozlaşdırılması və risklərin azaldılması imkanları əsas müzakirə istiqamətləri kimi diqqət mərkəzində olub.
Plenar iclasda təqdim olunan məruzələrdən sonra coğrafiya elmləri doktoru Rza Mahmudov çıxış edərək elmi bilik və təcrübə mübadiləsinin mövcud problemlərin həllinə töhfə verəcəyini qeyd edib. O, müəllifi olduğu kitabı Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Anar Eminova hədiyyə edib.
Konfrans çərçivəsində türkiyəli professor Necati Ağrılıoğlu da çıxış edərək tədbirin elmi və praktiki əhəmiyyətini vurğulayıb. Professor müəllifi olduğu kitabı AMIR Technical Services şirkətinin baş direktoru Vüqar Əliyevə hədiyyə edib.
Qeyd edək ki, oktyabrın 22–24-də keçirilən RİSK-2026 beynəlxalq konfransı Bakıdakı açılış mərasimindən sonra Mingəçevir şəhərində işini davam etdirəcək. Tədbir torpaq bəndlərinin təhlükəsizliyi sahəsində beynəlxalq təcrübə mübadiləsi, elmi əməkdaşlığın genişləndirilməsi və regionda mövcud risklərin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.