Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib 2026-10-13 10:23:00 / ELMİ İCLASLAR

2026-cı il oktyabrın 7-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ-in Elmi Şurasının növbəti iclası keçirilib. İclas institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmraninin sədrliyi ilə baş tutub.

İclasda gündəlikdə duran elmi-təşkilati məsələlər müzakirə olunub, institutun elmi-tədqiqat fəaliyyəti, doktorant və dissertantların attestasiyası, əmək intizamı, elmi nəşrlər və elmi kadr hazırlığı ilə bağlı məsələlərə baxılıb.

Elmi Şurada doktorant və dissertantların təhsil və attestasiya məsələləri nəzərdən keçirilib. Elmi kadrların hazırlığı sektorunun müdürü Museyib Yunusovun təqdimatı əsasında elmlər doktoru hazırlığı üzrə III təhsil ilinin dissertantı, “Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi” ixtisası üzrə təhsil alan Tünzalə Babayevanın attestasiyada iştirak etməməsi və yazılı hesabat təqdim etməməsi məsələsi müzakirə olunub. Müzakirələrin nəticəsində onun institutun dissertantları sırasından xaric edilməsi barədə qərar qəbul edilib.

Həmçinin doktorant və dissertantların attestasiya nəticələri müzakirə olunub və müvafiq qərar qəbul edilib.

İclasda “Geosiyasət və iqtisadi coğrafiya” laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayevin 2026-cı il sentyabrın 7–11-də Gəncə-Daşkəsən iqtisadi rayonunda aparılmış çöl tədqiqatlarının nəticələrinə dair hesabatı dinlənilib.

Hesabatda ekspedisiyanın Daşkəsən, Samux və Göygöl rayonlarını əhatə etdiyi, regionun iqtisadi-coğrafi potensialının kompleks öyrənilməsi məqsədilə sahə müşahidələrinin aparıldığı, aidiyyəti qurumlar və sənaye müəssisələri ilə elmi görüşlərin keçirildiyi bildirilib. Tədqiqat zamanı təsərrüfat obyektlərinin mövcud vəziyyəti, istismar səviyyəsi və inkişaf potensialı barədə elmi-faktiki məlumatlar toplanıb.

Qeyd olunub ki, ekspedisiyanın nəticələri əsasında Gəncə-Daşkəsən iqtisadi rayonunun resurs potensialının, təsərrüfat sahələrinin ərazi üzrə ixtisaslaşmasının, məkan təşkilinin və dayanıqlı inkişaf perspektivlərinin elmi əsaslarla qiymətləndirilməsi üçün kompleks məlumat bazasının formalaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, “Kitabxana və elektron resursların idarəolunması” sektorunun müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayevin “Şərqi Zəngəzur oronimlərinin struktur-nominativ xüsusiyyətləri” adlı monoqrafiyası Elmi Şura üzvlərinə təqdim olunub.

İclasda “Geosiyasət və iqtisadi coğrafiya” laboratoriyasının baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Nicat İmamverdiyevə dosent elmi adının verilməsi üçün sənədlərinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına (AAK) təqdim edilməsi məsələsi də müzakirə olunub. Təqdim edilmiş sənədlər nəzərdən keçirildikdən sonra onların AAK-a göndərilməsi barədə qərar qəbul edilib.

İclas gündəlikdə duran digər məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi ilə başa çatıb.