AR ETN Coğrafiya İnstitutu və Şamaxı Astrofizika Rəsədxanasında Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib 2026-10-07 17:00:00 / TƏDBİRLƏR
 
7 oktyabr 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə “7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani iştirakçıları salamlayaraq “Ümumdünya Layiqli Əmək Günü”nün təsis olunmasının əhəmiyyətindən danışıb. O, bu əlamətdar günün əmək münasibətlərində ədalət, bərabərlik, sosial tərəfdaşlıq və işçi hüquqlarının qorunmasına diqqətin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Daha sonra Coğrafiya İnstitutunun “İnzibati şöbə”nin müdiri Həmdulla Əliyev “Ümumdünya Layiqli Əmək Gününün mahiyyəti və məqsədləri” mövzusunda məruzə ilə çıxış edib. O, layiqli əmək anlayışının dörd əsas istiqaməti – məşğulluq, əmək hüquqları, sosial müdafiə və sosial dialoq üzrə formalaşdığını bildirib. Qeyd edib ki, bu istiqamətlər layiqli gəlirdən və təhlükəsiz əmək şəraitindən tutmuş işçilər arasında bərabərliyə, rəhbərliklə əməkdaşlar arasında dialoqa və sosial müdafiəyə qədər geniş məsələləri əhatə edir.
Həmdulla Əliyev vurğulayıb ki, layiqli əmək şəraitinin yaradılması işçinin əmək keyfiyyətinin və məhsuldarlığının yüksəlməsinə müsbət təsir göstərir. O, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində hər kəs üçün layiqli məşğulluğun və layiqli əməyin təşviqinin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırıb. Azərbaycanda Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, qəbul edilmiş konvensiyalar və Layiqli Əmək üzrə Ölkə Proqramları barədə məlumat verib.
İnstitutun Həmkarlar İttifaqı Təşkilatının sədri Kamran Ramazanlı çıxışında gənc tədqiqatçılar üçün yaradılan şərait, onların elmi təşəbbüslərinin dəstəklənməsi və əmək fəaliyyətində sosial təminat məsələlərinə toxunub. O, gənc alimlərin beynəlxalq əməkdaşlıqlara və birgə layihələrə cəlb olunmasının elmi potensialın inkişafında mühüm rol oynadığını bildirib.
Tədbirdə layiqli əmək prinsiplərinin elm müəssisələrində tətbiqi, əməkdaşların hüquqlarının qorunması, sağlam və motivasiyaedici iş mühitinin formalaşdırılması, eləcə də gənc tədqiqatçıların dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda mövzu ilə bağlı təkliflər səsləndirilib və iştirakçıların sualları cavablandırılıb.