AR ETN Coğrafiya İnstitutunda Anım Günü münasibətilə tədbir keçirilib 2026-09-25 16:26:00 / TƏDBİRLƏR

AR ETN Coğrafiya İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani açaraq 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşında mühüm yer tutan əlamətdar tarix olduğunu bildirib. O, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşad Musayev çıxış edərək Anım Gününün Azərbaycan xalqının yaddaşında mühüm yer tutduğunu bildirib. O, çıxışında ölkəmizin keçdiyi mürəkkəb tarixi mərhələlərə nəzər salaraq, uzun illər ərzində formalaşmış siyasi və tarixi proseslərin Vətən müharibəsinə aparan yolda mühüm rol oynadığını qeyd edib. Elşad Musayev vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsinin nəticəsi kimi tarixə düşüb. Deputat 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinə toxunaraq, həmin dövrdə xalqın vahid məqsəd ətrafında səfərbər olduğunu, Azərbaycan əsgər və zabitlərinin böyük qəhrəmanlıq göstərdiyini bildirib.            

İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxışında bildirib ki, bu gün xalqımız üçün həm şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, həm də milli birlik və həmrəyliyimizi bir daha nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Kamran Ramazanlı Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqdan danışaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət və diplomatik fəaliyyətin də Qələbənin əldə olunmasında mühüm rol oynadığını qeyd edib.

Coğrafiya elmləri doktoru Rza Mahmudov çıxışında qeyd edib ki, əldə olunan Zəfər uzun illər ərzində davam edən tarixi proseslərin nəticəsi kimi Azərbaycan xalqının yaddaşında mühüm yer tutur.