Fevralın 27-də AMEA H.Əliyev adına Coğrafiya İnstitutunda 1 Mart Ümumdünya Mülki Müdafiə günü münasibətilə «Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti» mövzusunda tədbir keçirilmişdir.
İclasın sədri direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə mülki müdafiə tədbirlərinin keçirilməsinin əhəmiyyətindən, eləcə də bu sahədə maariflənmə işinin vacibliyindən söz açdı.
Sonra İnstitutun mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev Ümumdünya MM gününün yaranma tarixindən məlumat verərək Coğrafiya İnstitutunda bu günün keçirilməsi ilə əlaqədar fevralın 18-də rəhbər, komandir-rəis heyətinin metodik toplantısının keçirildiyini bildirdi.
Qərargah rəisi Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu günün bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edildiyini və 1993-cü ildə Azərbaycanın bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə daxil olduğunu diqqətə çatdırdı. Diqqətə çatdırdı ki, yanvar ayından MM qərargahı Coğrafiya İnstitutunda əməkdaşların mülki müdafiə sahəsindəki biliklərini artırmaq, fövqəladə hallar zamanı davranış qaydaları, ilkin tibbi yardımın göstərilməsi, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin görülməsinə dair tədris prosesi başlanmış və bu sahədə ilkin uğurlar da əldə edilmişdir. N.Mustafayev eyni zamanda bəzi əməkdaşların mülki hazırlıq işinə qeyri-ciddi yanaşmalarını, keçirilən tədbirlərdən yayınma meyllərini də qeyd etdi və onların bu işdə daha fəal olmalarını arzuladı. MM rəhbəri toplantı iştirakçılarını maraqlandıran suallara cavablar verdi və institut kollektivinə gələcək birgə fəaliyyətdə uğurlar arzu etdi.
Sonda Azərbaycan Respublikası FHN-nin mövzuya dair təlimat xarakterli videomaterialları nümayiş etdirildi.