"GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi keçirilib 2026-08-26 12:00:00 / MÜHÜM HADİSƏLƏR

  Bakı Dövlət Universiteti (BDU) və "Azerbaijan International Mining Company Limited" şirkətinin birgə təşkilatçılığı ilə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimizdə AR ETN Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən c.e.d. Zaur İmrani və institutun elmi katibi c.ü.f.d. Səidə Zeynalova iştirak edib.  

      Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstələri qoyublar. Daha sonra tədbirin açılış mərasimi BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində keçirilib. Tədbiri giriş sözü ilə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov açıb. Daha sonra BDU rektorunun katibliyinin referenti, “BDU könüllüləri” təşkilatının baş katibi, layihə rəhbəri Qasım Xəlilov, Milli Məclisin deputatı Elnarə Akimova, Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyev, "Azerbaijan International Mining Company Limited" şirkətinin Dağ-mədən geologiyası departamentinin rəhbəri Samir Mürsəlov, Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Zaur İmrani, BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə çıxış etmişdir.

      Zaur İmrani diqqətə çatdırıb ki, coğrafiya və geologiya elmləri tarixən bir-birindən ayrılmaz şəkildə, paralel inkişaf yolu keçib. O, müasir dövrdə elm və təhsilin inteqrasiyasına böyük ehtiyac olduğunu bildirərək, elmi tədqiqatların yalnız nəzəriyyədə qalmamalı olduğunu, əldə olunan nəticələrin birbaşa istehsalata və real sektora tətbiqinin vacibliyini qeyd edib.

  "GeoCamp" Tələbə yay düşərgəsi gənclərin geologiya üzrə biliklərinin zənginləşməsində, onların bu sahədə müasir çağırışlarla tanış olmasında mühüm əhəmiyyət daşıyacaq.