Azərbaycan və Özbəkistan alimləri iki ölkənin coğrafi və ekoloji problemlərini müqayisəli şəkildə tədqiq edirlər 2026-08-24 11:00:00 / MÜSAHİBƏLƏR

Son illər Azərbaycan ilə Özbəkistan arasında hərtərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Bu münasibətlər iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, enerji, elm, təhsil, mədəniyyət və digər istiqamətlərdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir.

Azərbaycan və Özbəkistan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətləri elmi əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin yaradıb. Bu baxımdan, Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu ilə Özbəkistanın aparıcı elm və ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələri daha da genişlənib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən coğrafiya üzrə elmlər doktoru, dosent Zaur İmrani söyləyib. O bildirib ki, Coğrafiya İnstitutunun Özbəkistanla elmi əlaqələrinin mühüm mərhələlərindən biri Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin Coğrafiya İnstitutu ilə qarşılıqlı elmi əməkdaşlıq haqqında memorandumun imzalanması olub. Sənəd iki elmi qurum arasında birgə tədqiqatların aparılması, alim və mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, elmi məlumat və təcrübə mübadiləsi, beynəlxalq elmi tədbirlərdə birgə iştirak və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm əsas yaradıb.

Zaur İmrani qeyd edib ki, “Özbəkistanla əməkdaşlıq yalnız memorandumla məhdudlaşmır: “Coğrafiya İnstitutunun təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-praktik konfranslarda Özbəkistanın elm və ali təhsil müəssisələrinin nümayəndələri mütəmadi olaraq iştirak edirlər. 2023-cü ildə Özbəkistanın Cizzax Dövlət Pedaqoji İnstitutu ilə əməkdaşlıq çərçivəsində beynəlxalq elmi tədbirlər təşkil olunub. 2025-ci ildə “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans Coğrafiya İnstitutu ilə Özbəkistan Milli Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin tələbələrinə onlayn tədrisdə iştirak etmişəm. 2026-cı ildə isə Özbəkistanın Ali Attestasiya Komissiyasının Coğrafiya elm sahəsi üzrə müdafiə şurasına seçilmişəm və fəlsəfə doktorlarının müdafiələrində mütəmadi olaraq iştirak etmişəm. Bununla bərabər, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev və Özbəkistan Milli Universitetinin coğrafiya üzrə fəlsəfə doktoru Muxriddin Əvəzovla birlikdə “Azərbaycan və Özbəkistan toponimləri” adlı monoqrafiya üzərində işləyirik. Həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi arasında elmi əməkdaşlıq çərçivəsində Azərbaycan və Özbəkistan alimləri üçün birgə elmi qrant layihəsində iştirak edirik”.

Z.İmrani əlavə edib ki, iki ölkənin coğrafiyaşünasları üçün əməkdaşlığın əsas istiqamətləri coğrafi və ekoloji problemlərin müqayisəli şəkildə öyrənilməsi, iqlim dəyişmələri, su ehtiyatlarının idarə olunması, torpaq və landşaftların mühafizəsi, səhralaşma prosesləri, regional inkişaf, urbanizasiya, turizm və rekreasiya, ətraf mühitin qiymətləndirilməsi və coğrafi informasiya sistemlərinin tətbiqi və digər tədqiqatlar olub.

Azərbaycan və Özbəkistan alimləri arasında elmi əlaqələrin gücləndirilməsi yalnız coğrafiya elminin inkişafına deyil, həm də iki ölkənin oxşar ekoloji, sosial-iqtisadi və regional inkişaf problemlərinin elmi əsaslarla araşdırılmasına mühüm töhfə verəcək.

https://azertag