Azərbaycanda davamlı üzvi çirkləndiricilərlə çirklənmiş torpaqların ekoloji vəziyyətinin qiymətləndirilməsi üzrə növbəti çöl ekspedisiyası həyata keçirilib 2026-08-03 13:17:00 / MÜHÜM HADİSƏLƏR

2026-cı il iyulun 27–31-i tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Torpaq Ekologiyası Laboratoriyasının müdiri dosent Zaman Məmmədovun rəhbərliyi ilə “Azərbaycanda davamlı üzvi çirkləndiricilərlə çirklənmiş torpaqların ekoloji vəziyyətinin qiymətləndirilməsi” mövzusu üzrə növbəti çöl ekspedisiyası həyata keçirilmişdir.

Beş il müddətini əhatə edən tədqiqat layihəsi çərçivəsində respublikanın müxtəlif bölgələrində davamlı üzvi çirkləndiricilərlə çirklənmiş torpaqların ekoloji vəziyyətinin kompleks qiymətləndirilməsi nəzərdə tutulur. Hazırkı ekspedisiya Ucar rayonunun Müsüslü kəndi ərazisində yerləşən təxminən 8 hektarlıq yüksək dərəcədə çirklənmiş mənbə sahəsini və onun ətrafında yerləşən ümumilikdə 200 hektarlıq tədqiqat ərazisini əhatə etmişdir.

Çöl tədqiqatlarının proqramı beynəlxalq metodiki tələblər, Stokholm Konvensiyasının prinsipləri, FAO-nun torpaq nümunələrinin götürülməsi üzrə metodik göstərişləri və digər müvafiq elmi metodikalar əsasında hazırlanmış eskiz layihəsinə uyğun həyata keçirilmişdir.

Əvvəlcədən Google Earth proqramında hazırlanmış koordinatlar əsasında tədqiqat nöqtələrinə çıxış təmin edilmiş və nümunəgötürmə işləri aparılmışdır. Tədqiqat zamanı 24 nöqtədən 0–20 sm və 20–40 sm dərinliklər üzrə ümumilikdə 48 torpaq nümunəsi götürülmüşdür. Bununla yanaşı, ərazinin xarakterik sahələrini əhatə edən 15 nöqtədən bitki nümunələri toplanmış, çirklənmənin torpaq mikrobiotasına təsirinin və torpağın mikrobioloji fəallığının öyrənilməsi məqsədilə isə əlavə 15-ə yaxın torpaq nümunəsi seçilərək götürülmüşdür.

Hazırda toplanmış nümunələr laboratoriya analizlərinə hazırlanır. Aparılacaq analizlərin nəticələri əsasında davamlı üzvi çirkləndiricilərin torpaqda yayılma səviyyəsi və məkan üzrə paylanması, çirklənmə riskləri, insan sağlamlığı və ətraf mühitə mümkün təsirləri qiymətləndiriləcək, həmçinin çirklənmiş ərazilərin sərhədləri dəqiqləşdiriləcəkdir.

Tədqiqatın nəticələrinin Azərbaycanda davamlı üzvi çirkləndiricilərlə çirklənmiş ərazilərin monitorinqi, ekoloji risklərin qiymətləndirilməsi, bərpa tədbirlərinin planlaşdırılması və bu sahədə elmi əsaslandırılmış qərarların qəbul edilməsinə mühüm töhfə verəcəyi gözlənilir.