Coğrafiya İnstitutunun əməkdaşları Şahdağ Milli Parkının Şamaxı bölməsində biomüxtəlifliyin ekoloji monitorinqini həyata keçiriblər 2026-07-27 14:16:00 / MÜHÜM HADİSƏLƏR

AR ETN  Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən 20–24 iyul 2026-cı il tarixlərində Şahdağ Milli Parkının Şamaxı bölməsində yerləşən Pirqulu Biocoğrafi Stasionarında biomüxtəlifliyin ekoloji monitorinqi məqsədilə kompleks çöl tədqiqatları aparılıb. Ekspedisiyaya Coğrafiya İnstitutunun “Geoməkan Analitikası və Kartoqrafiya” laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Ülviyyə Məmmədova rəhbərlik edib. Tədqiqatlarda institutun baş elmi işçisi, a.e.d., dosent Nailə Orucova, böyük elmi işçisi, a.e.ü.f.d., Zeynəb Vəliyeva və aparıcı elmi işçisi, a.e.ü.f.d Şəbnəm Məmmədova iştirak ediblər.

Ekspedisiyanın əsas məqsədi Pirqulu Biocoğrafi Stasionarında biomüxtəlifliyin, torpaq və bitki örtüyünün mövcud ekoloji vəziyyətinin qiymətləndirilməsi, uzunmüddətli monitorinq məlumatlarının toplanması və ekosistemlərdə baş verən dəyişikliklərin izlənilməsi olub. Tədqiqatlar zamanı flora müxtəlifliyi, torpaq və bitki örtüyünün ekoloji göstəriciləri, və nadir bitki növlərinin yayılması üzrə monitorinq aparılıb, GPS koordinatları və georeferenslaşdırılmış fotoşəkillər toplanıb. Meşə və dağlıq relyefdə çöl marşrutlarının izlənilməsi, tədqiqatçıların təhlükəsiz hərəkətinin təmin edilməsi, müşahidə məntəqələrinin dəqiq koordinatlarının müəyyənləşdirilməsi və marşrutların rəqəmsal qeydiyyatı məqsədilə  GNSS/GPS treyker sistemindən istifadə olunub. Sistem GPS, GLONASS, Galileo və BeiDou peyk naviqasiya sistemlərinə qoşularaq eyni vaxtda 44-56 peykdən siqnal qəbul etməklə yüksək dəqiqlikli məkan koordinatlarının əldə edilməsini, mütləq hündürlük, məkan dəqiqliyi, hərəkət istiqaməti (azimut), sürət, GPS vaxt göstəricisi və peyk siqnalının keyfiyyəti kimi əsas naviqasiya parametrlərini təmin edib.

Eyni zamanda, Coğrafi İnformasiya Sistemləri (GIS), Sentinel peyk məlumatları, SAR radar texnologiyaları və geoməkan analiz metodlarından istifadə edilməklə monitorinq məlumatlarının məkan təhlili həyata keçirilib. Çöl tədqiqatları Bioloji Müxtəliflik haqqında Konvensiyanın (CBD), Qlobal Biomüxtəliflik Məlumat Sistemi (GBIF), BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekosistem monitorinqi yanaşmaları, Avropa Uzunmüddətli Ekosistem          Tədqiqatları Şəbəkəsinin (eLTER) metodologiyası, FAO-nun torpaq monitorinqi prinsipləri və BMT-nin Davamlı İnkişaf Məqsədlərinin (SDG 13 və SDG 15) tələblərinə uyğun həyata keçirilib. Əldə olunmuş monitorinq nəticələri Şahdağ Milli Parkının Şamaxı bölməsində biomüxtəlifliyin dinamikasının qiymətləndirilməsi, uzunmüddətli ekoloji monitorinq sisteminin təkmilləşdirilməsi və qorunan təbiət ərazilərinin elmi əsaslarla idarə olunması üçün zəruridir.