AR ETN Coğrafiya İnstitutunda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib 2026-06-25 13:59:00 / TƏDBİRLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı iştirakçıları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. O, Azərbaycan Ordusunun ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm rol oynadığını vurğulayaraq, hərbçilərimizin peşəkarlığının və fədakarlığının daim yüksək qiymətləndirildiyini bildirib. Kamran Ramazanlı qeyd edib ki, Silahlı Qüvvələr Günü xalqımızın orduya olan ehtiram və minnətdarlığının ifadəsidir.

Daha sonra İnstitutun Mülki Müdafiə qərargahının rəisi, polkovnik-leytenant Ruslan Məhəmmədov çıxış edərək Azərbaycan hərb tarixinin şanlı səhifələrindən, milli ordu quruculuğu ənənələrindən və Silahlı Qüvvələrimizin keçdiyi inkişaf yolundan bəhs edib. O bildirib ki, müasir silah və texnologiyalarla təchiz olunan Azərbaycan Ordusu bu gün regionun ən güclü hərbi qüvvələrindən biri olmaqla yanaşı, ölkəmizin təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır.

Tədbirdə çıxış edən Milli Müdafiə Universiteti Elmi Tədqiqat İnstitutunun professoru,ehtiyatda olan 1-ci dərəcəli kapitan,tarix elmləri doktoru  Nurulla Əliyev Azərbaycanın hərb tarixi və milli ordu quruculuğu sahəsində zəngin ənənələrə malik olduğunu bildirib. O qeyd edib ki, milli ordu quruculuğunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə qoyulub. Professor həmçinin ölkədə ilk hərbi məktəbin 1917-ci ildə fəaliyyətə başladığını diqqətə çatdırıb.

Çıxış zamanı Ümummilli Lider Heydər Əliyevin milli ordu quruculuğundakı xidmətləri xüsusi vurğulanıb. Bildirilib ki, onun təşəbbüsü ilə Azərbaycanda peşəkar hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb, müasir Azərbaycan Ordusunun formalaşması və inkişafı üçün möhkəm əsaslar yaradılıb. Həmçinin xatırladılıb ki, Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib.

Professor Nurulla Əliyev vurğulayıb ki, Silahlı Qüvvələr Günü təkcə tarixi yaddaşın yaşadılması deyil, həm də dövlətin gələcəyinə, təhlükəsizliyinə və gücünə olan inamın ifadəsidir. O qeyd edib ki, müasir Azərbaycan Ordusunun qazandığı uğurlar xalqımızın milli birliyinin, dövlətimizin gücünün və ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl siyasətin nəticəsidir.