
AR ETN Coğrafiya İnstitutunda Həmkarlar Təşkilatının ümumi yığıncağı keçirilib. Tədbirdə Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi nümayəndəsi Şəhla Əmirova, İnstitutun rəhbərliyi, elmi və inzibati heyətin əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İnstitutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani həmkarlar təşkilatlarının əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, onların hüquq və mənafelərinin qorunması, kollektiv daxilində sağlam iş mühitinin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra Coğrafiya İnstitutu Həmkarlar Təşkilatının yeni tərkibinin formalaşdırılması məqsədilə iclasın sədrliyi İnstitutun İnzibati şöbəsinin müdiri Həmdulla Əliyevə həvalə olunub.
İclasın gündəliyinə uyğun olaraq, Coğrafiya İnstitutu Həmkarlar Komitəsinin yeni tərkibinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Namizədlər barədə təkliflər dinlənilib, onların fəaliyyəti və təşkilatın işinə verə biləcəkləri töhfələr haqqında məlumat verilib. Açıq səsvermənin nəticələrinə əsasən Kamran Ramazanlı, a.e.ü.f.d Vüsalə İsaqova, Nuranə Yüzbaşova, Elnur Bağırov, c.ü.f.d Turanə Hüseynova, Samir Seyidməhəmmədov, Nigar Bayramovadan ibarət yeni komitə tərkibi seçilib.
Daha sonra Təftiş-nəzarət komissiyasının yeni tərkibinin müəyyənləşdirilməsi məqsədilə açıq səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Səidə Mürsəlova sədr olmaqla c.ü.f.d Sima Əliyeva və a.e.ü.f.d Afət Cəfərova Təftiş-nəzarət komissiyasına seçilib.
İclasın yekun mərhələsində yeni seçilmiş Komitə və Təftiş-nəzarət komissiyası üzvlərinin iştirakı ilə Coğrafiya İnstitutu Həmkarlar Təşkilatının sədrinin seçilməsi məsələsinə baxılıb. Açıq səsvermənin nəticələrinə əsasən Kamran Ramazanlı yekdilliklə Coğrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri seçilib.