
19 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Bakı Dövlət Universitetinin “Hidrometeorologiya” kafedrasının dissertantı Anar Nuriyevin “Şirvan çaylarında məcra proseslərinin tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilmişdir.
Seminarda iddiaçı tərəfindən aparılmış elmi-tədqiqat işinin əsas istiqamətləri, əldə olunmuş nəticələr, istifadə olunmuş metodoloji yanaşmalar və dissertasiya işinin elmi-praktiki əhəmiyyəti barədə geniş təqdimat edilmişdir. Təqdimat zamanı Şirvan bölgəsinin çaylarında məcra proseslərinin formalaşması, geomorfoloji və hidrometeoroloji amillərin çay məcralarının dinamikasına təsiri, müasir dövrdə antropogen fəaliyyətin çay sistemlərinə yaratdığı dəyişikliklər, həmçinin aparılmış müşahidələr, statistik təhlillərin nəticələri seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.
Dissertasiya işinin rəsmi rəyçiləri qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin Tarix, Coğrafiya və Metodika kafedrasının dosenti Musayeva Mətanət Ağayar qızı və “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, dosent Rəşail İsmayılov çıxış edərək tədqiqat işinə dair elmi rəylərini təqdim etmiş, dissertasiya mövzusunun aktuallığını, əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyətini qeyd etmiş və bir sıra tövsiyələr səsləndirmişlər.
Müzakirələrdə həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun “Qurunun hidrologiyası” laboratoriyasının müdiri,c.e.d, professor Rza Mahmudov, Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının müdiri, dosent İradə Əliyeva, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun dosenti Mövlüd Teymurov, eləcə də seminarın digər iştirakçıları fəal iştirak edərək dissertasiya işinin müxtəlif aspektləri üzrə suallar ünvanlamış, elmi müzakirələr aparmış və tədqiqatın gələcək inkişaf istiqamətləri ilə bağlı fikir və təkliflərini bölüşmüşlər.
Müzakirələrin yekununda dissertasiya işinin elmi səviyyəsinin qənaətbəxş olduğu vurğulanmış, tədqiqatın aktual elmi problemə həsr edildiyi, müasir elmi tələblərə cavab verdiyi qeyd olunmuş və dissertasiya işinin növbəti mərhələyə təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir.