
BMT dünyada ekstremal istilərə səbəb olan El Nino hava fenomeninin yenidən aktivləşə biləcəyi barədə xəbərdarlıq edərək bütün ölkələri qabaqlayıcı tədbirlər görməyə çağırıb. Proqnozlara görə, bu təbii hadisənin yay aylarında başlama ehtimalı 80 faiz təşkil edir və qlobal temperaturun rekord səviyyələrə yüksəlməsinə səbəb ola bilər.
Məsələ ilə bağlı AZƏRTAC-a açıqlama verən Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, qlobal temperaturun təxminən 2 dərəcə artması gözlənilirsə, bu proses Azərbaycandan da yan keçməyəcək. Onun sözlərinə görə, temperatur artımı ölkənin müxtəlif bölgələrində bir qədər fərqli səviyyələrdə müşahidə oluna bilər.
“Bəzi rayonlarda havanın temperaturu gözlənilən normadan təxminən 1,5 və daha artıq dərəcə yüksək olması ehtimalı var. Havanın temperaturunun kəskin yüksəlməsi ətraf dağlarda qarın sürətlə əriməsinə gətirib çıxara bilər ki, bu da intensiv yağıntılarla birlikdə ayrı-ayrı ərazilərdə sel və daşqın riskinin artmasına səbəb ola bilər. Eyni zamanda, istiləşmə uzun müddət davam edərsə, quraqlıq ehtimalını da yüksəldə bilər”, – deyə alim qeyd edib.
S.Səfərovun sözlərinə görə, El Nino hadisəsinin kəskin dərəcədə aktivləşməsi Xəzər dənizinin səviyyəsinə də təsirsiz ötüşməyəcək.
Əgər bu proses davamlı olarsa, bu fenomen Xəzər dənizinin səviyyəsinin bir qədər qalxmasına və ya suyun geri çəkilməsi prosesinin müəyyən qədər ləngiməsinə səbəb ola bilər. Çünki apardığımız tədqiqatlar göstərir ki, Xəzərin səviyyəsinin qalxdığı dövrlər El Ninonun daha çox təkrarlandığı dövrlərə, səviyyənin aşağı düşdüyü dövrlər isə El-Ninonun əksi olan La-Nino hadisəsinin aktivləşdiyi dövrlərə təsadüf edir”, – deyə o vurğulayıb.