
Yaz aylarında yağan intensiv yağışlar nəticəsində Kür və Araz çaylarında su səviyyəsinin artması fonunda ölkənin müxtəlif bölgələrində yerləşən çayətrafı ərazilərdə monitorinq və müşahidələr aparılıb. Bu məqsədlə Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Coğrafiya İnstitutunun əməkdaşları - "Landşaftşünaslıq və təbiətdən istifadə" laboratoriyasının müdiri c.e.d., dosent Mirnuh İsmayılov, institutun elmi katibi c.ü.f.d., dosent Səidə Zeynalova, "Landşaftşünaslıq və təbiətdən istifadə" laboratoriyasının aparıcı elmi işçisi c.ü.f.d, dosent İrina Kuçinskaya, həmin laboratoriyanın böyük elmi işçisi c.ü.f.d., dosent Elina Kərimova va "Geoməkan analitikası və kartoqrafiya" laboratoriyasının elmi işçisi Elvin Soltanov Kür-Araz ovalığında yerləşən bir sıra ərazilərə təşkil olunan ekspedisiyada iştirak ediblər.
Ekspedesiya zamanı çayların hidroloji vəziyyəti, suyun ekosistemlərə təsiri, əkin sahələrinin mövcud durumu, aqrolandşaftlarda baş verən dəyişikliklər və Tuqay meşələrinin vəziyyəti yerində öyrənilib. Aparılan müşahidələr zamanı bəzi ərazilərdə - Sabirabad rayonun Cavad və Suqovuşan kəndləri, Salyan rayonunun Polad Tuqay kəndi və Saatlı rayonunun Dəlilər və Yeni Novruzlu kəndləri ərazisində çay səviyyəsinin yüksəlməsi nəticəsində alçaq relyefli sahələrdə rütubətlənmənin artdığı, müəyyən hissələrdə isə suyun əkin sahələrinə yaxınlaşdığı və hətta əkin sahələrinə daxil olduğu qeydə alınıb.
Əməkdaşlar tərəfindən Kür və Araz çaylarının sahilboyu zonalarında torpaq örtüyü, bitki örtüyü və meliorativ vəziyyətlə bağlı ilkin qiymətləndirmələr aparılıb, və nümunələr götürülüb. Müşahidələr göstərib ki, son yağıntılar vuxarıda qeyd olunan ərazilərdə torpaq nəmliliyinin artmasına səbəb olsa da genişmiqyaslı dağıdıcı daşqın halları qeydə alınmayıb.
Ekspedisiya çərçivəsində Tuqay meşələrinin mövcud vəziyyəti də araşdırılıb. Çayboyu meşə massivlərində antropogen təsirlər, quruma əlamətləri və təbii bərpa prosesləri müşahidə olunub. Qeyd edilib ki, Tuqay meşələri regionun ekoloji tarazlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır və onların mühafizəsi xüsusi diqqət tələb edir.
Səfər zamanı yerli sakinlər və təsərrüfat nümayəndələri ilə də görüşlər keçirilib, son yağıntıların kənd təsərrüfatına təsiri ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, son yağan yağışlar pambıqçılıq və bostançılıq təsərrüfatlarına ziyan vurur. Həmçinin çayların su rejimində olunan dəyişikliklər xüsusi ilə suvarılan ərazilərdə daimi monitorinqin aparılmasını zəruri edir.
Ekspedisiya nəticəsində əldə olunan materialların elmi təhlili aparılacaq və yaxın müddətdə geniş hesabat hazırlanacaqdır.