
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Qazaxıstan Respublikasının Satbayev Universitetinin “Hidrogeologiya və mühəndis geologiyası” ixtisası üzrə təhsil alan PhD doktorantı Beysenbayeva Saniya Jaynakovna elmi təcrübə keçir.
Doktorantın elmi-tədqiqat işi çərçivəsində təşkil olunan təcrübənin məqsədi hidrologiya və təhlükəli təbiət hadisələrinin öyrənilməsində müasir yanaşmaların mənimsənilməsi, eləcə də dissertasiya tədqiqatının metodoloji bazasının təkmilləşdirilməsidir.
Təcrübə müddətində Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani və “Qurunun hidrologiyası” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rza Mahmudov ilə görüş keçirilib. Görüş zamanı institutun elmi fəaliyyətinin əsas istiqamətləri, hidrologiya və təbii təhlükələr sahəsində aparılan aktual tədqiqatlar müzakirə olunub.
Təcrübə çərçivəsində xüsusi diqqət sel proseslərinin tədqiqinə yönəldilib. Coğrafiya üzrə fəlsəfə doktoru Cuma Məmmədov ilə keçirilən görüşdə sel axınlarının öyrənilməsi metodları, onların formalaşma xüsusiyyətləri, sel təhlükəsinin qiymətləndirilməsi məsələləri, eləcə də mövzu üzrə elmi nəşrlər və metodiki materiallar müzakirə olunub. Qeyd edilib ki, aparılan müzakirələr təhlükəli təbii proseslərə həsr olunan dissertasiya tədqiqatının gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin institutun “Data və Analitika ofisi”nin müdiri Aslan Babaxanov ilə görüş keçirilib. Görüş zamanı elmi fəaliyyətdə müasir texnologiyaların tətbiqi perspektivləri nəzərdən keçirilib. Xüsusilə, coğrafi informasiya sistemləri (CİS), yerin məsafədən zondlanması metodları, məkan məlumatlarının rəqəmsal emalı və təbii proseslərin monitorinqi üçün istifadə olunan müasir alətlər barədə fikir mübadiləsi aparılıb.
Beysenbayeva Saniya Jaynakovnanın Coğrafiya İnstitutunda elmi təcrübəsi davam edir. Gələcəkdə məsləhət işlərinin davam etdirilməsi, elmi ədəbiyyat və metodiki materialların öyrənilməsi, eləcə də hidrologiya və təhlükəli təbii proseslərin tədqiqinə dair müasir yanaşmalarla tanışlığın genişləndirilməsi nəzərdə tutulur.