“Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfransda Coğrafiya İnstitutunun əməkdaşları iştirak edib 2026-05-25 10:31:00 / KONFRANSLAR

Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib. Konfransda Coğrafiya İnstitutunun əməkdaşları da iştirak edib.

Konfransın əsas məqsədi müasir kimya elminin aktual problemlərinin müzakirəsi, innovativ tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də yerli və xarici alimlər arasında elmi əməkdaşlığın genişləndirilməsi olub. Tədbirdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, ali təhsil müəssisələrinin nümayəndələri və gənc mütəxəssislər iştirak ediblər.

Konfransın açılış mərasimində çıxış edən natiqlər Heydər Əliyevin elmə, təhsilə və xüsusilə kimya sənayesinin inkişafına göstərdiyi diqqət və qayğını vurğulayıblar. Bildirilib ki, ölkədə kimya sənayesinin inkişaf strategiyasının formalaşdırılması və bu sahədə elmi potensialın gücləndirilməsi məhz Ulu Öndərin adı ilə bağlıdır.

Tədbir çərçivəsində yaşıl kimya, ekoloji təhlükəsizlik, nanomateriallar, sənaye kimyası, alternativ enerji mənbələri və innovativ texnologiyalar mövzularında məruzələr dinlənilib. Panel müzakirələr zamanı müasir dövrdə kimya elminin qarşısında duran çağırışlar və onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konfrans iştirakçıları belə beynəlxalq tədbirlərin elmi bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, gənc alimlərin beynəlxalq elmi mühitə inteqrasiyası və yeni əməkdaşlıq platformalarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.