Avropanın sərhədi Azərbaycandan keçir 2014-12-19 10:24:00 / TƏDBİRLƏR

2014-cü il dekabrın 17-də AMEA akademik Həsən Əliyev adına  Coğrafiya İnstitutunda  Azərbaycan Coğrafiya Cəmiyyəti və  Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Avropa və Asiya qitələrinin sərhədi Azərbaycandan keçir” mövzusunda konfrans keçirilib.

Tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AR Nazirlər Kabinetinin neft və kimya şöbəsi müdirinin müavini, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev, həmçinin  Mədəniyyət və Turizm, Gənclər və İdman,  Ekologiya və Təbii Sərvətlər, Təhsil Nazirlikləri, ali məktəb, idarə və təşklatların nümayəndələri, aparıcı mütəxəssislər  iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti və AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov məsələnin əhəmiyyətindən danışıb və  deyib ki, bu yaxınlarda Moskvada Rusiya və Azərbaycan Coğrafiya Cəmiyyətləri arasında birgə əməkdaşlıq haqqında  müqavilə  imzalayarkən böyük maliyyə imkanlarına malik qarşı tərəfə  Avropanın cənub sərhədlərini düzgün müəyyənləşdirmək üçün birgə ekspedisiya təşkil olunmasını  təklif etmişdir.

R.Məmmədov  2015-ci ilin iyun ayında Bakıda  keçriləcək Avropa oyunlarında iştirak etmək üçün  çox sayda  idmançı, turist   və mediya işçisinin Bakıya toplaşacağını və onların bu   tədbirin nə üçün Azərbaycanda keçirilməsi ilə maraqlanacaqlarını diqqətə çatdırıb. Akademik bildirib ki,  gələn qonaqalara xalqımızın tarixini, mədəniyyətini, iqtisadi nailiyyətlərini göstərməklə bərabər, Vətənimizin coğrafıyasını da anlatmalı, iki qitənin coğrafı sərhədinin zamanında yanlış olaraq qəbulunu sübut etməliyik: “Sübut üçün kifayət qədər elmi əsaslar var. Mövzu üzrə dünya alim və ekspertlərinin əksəriyyətinin rəyi və bizim də araşdırmalarımız Qafqaz bölgəsində Avropa və Asiya qitələri sərhədinin şimalda Kuma-Manıç çökəkliyindən deyil, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə və sonra Abşeron yarımadası boyunca keçdiyini göstərir. Bu halda, ərazimizin təxminən 12%-i Avropa qitəsinə düşür və Azərbaycan transkontinental, yəni ərazisi iki qitədə yerləşən ölkə statusuna malik olur ki, bu da ölkəmizin Rusiya (23%) və Türkiyə(3%) kimi Avropa ölkəsi sayılmasına    və Avropa  oyunlarının Bakıda keçirilməsinə tam əsas verir”.

Sonra AR NK-nın məsul işçisi R.Fətəliyev çıxış edərək  bildirib ki, qitələrin sərhəd məsələsi Beynəlxalq Coğrafiya Cəmiyyəti tərəfindən təsdiqləndikdən sonra dəqiqləşmiş olacaq və bu sərhəd xətti bütün orta məktəblərin coğrafiya dərsliklərində, ensiklopedik məlumat kitabçalarında və müxtəlif təyinatlı xəritələrdə öz əksini tapacaqdır.

DTXK-nın şöbə müdiri C. Abdullayev “Avropa ilə Asiya sərhədi coğrafi tədqiqat obyekti, yoxsa siyasi təzyiq vasitəsidir” mövzusunda məruzə ilə çıxış edib, məsələ ilə bağlı öz mülahizələrini bildirib.

C.Abdullayev sərhədin müəyyənləşdirilməsi ilə bağlı akademiyada multidissiplinar tədqiqatlar aparılmasını, zəruri tədbirlərin həyata keçirilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və AMEA arasında müştərək komissiyanın yaradılmasını təklif edib.

Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Şahin Şahbazov bu məsələnin Azərbaycan üçün turizm baxımından xeyirli olacağını bildirib.

 Araşdırma və müzakirələrdən sonra konfransda qərara alınıb:

      Avropa və Asiya qitələrinin sərhədinin Qafqaz regionunda Kuma-Manıç çökəkliyindən deyil, Böyük Qafqaz silsiləsinin suayrıcı xətti ilə Azərbaycandan keçməsi elmi əsaslara söykənən daha doğru variant hesab edilsin.

        Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycan Respublikası ərazisindən, xüsusilə Abşeron yarımadasından keçən hissəsi yer səthində sahə mütəxəssislərinin iştirakı ilə dəqiqləşdirilsin və xəritəyə köçürülsün.

        AMEA-nın Coğrafıya İnstitutu adından Beynəlxalq Coğrafıya İttifaqına Avropa və Asiya qitələrinin sərhədinə dair həmin İttifaqın 1964-cü ildə Londonda keçirilmiş XX Konfransında qəbul edilən qərarında düzəliş olunması üçün müraciət edilsin.

       Məsələnin ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq, onun alim və mütəxəssislər tərəfındən kütləvi informasiya vasitələrində, xüsusilə televiziya verilişlərində, eləcə də elmi-kütləvi junallarda şərhi, təbliği məqbul sayılsın və bu işlərə dəstək verilsin.

        Avropa və Asiya qitələrinin sərhədinin Qafqaz və Azərbaycan Respublikası ərazisindən keçən hissəsinin coğrafıya dərsliklərində və müxtəlif təyinatlı xəritələrdə düzəlişlər edilməsinə dair Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və digər müvafıq təşkilatlara tövsiyələr edilsin.

         Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycan Respublikası ərazisindən keçməsinin əyani sübutu kimi, həm də ilk Avropa Oyunlarınm 2015-ci ilin iyun ayında Bakıda keçiriləcəyini nəzərə alaraq, Abşeron yarımadasında sərhəd xəttinin Bakı-Sumqayıt magistral xətti ilə kəsişmə nöqtəsində arka-qapı kompleksinin tikilməsi məqsədəuyğun sayılsın və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilsin.