Coğrafiya İnstitutunun əməkdaşları yağıntılarla əlaqədar baş vermiş uçqun və  sürüşmə hadisələrini araşdırıb 2026-05-06 09:46:00 / MÜHÜM HADİSƏLƏR

İntensiv yağıntılar nəticəsində respublikanın şimal bölgələrində, xüsusilə Quba və Qusar rayonlarında baş vermiş uçqun və sürüşmə hadisələrinin torpaq ehtiyatlarına təsirinin qiymətləndirilməsi məqsədilə tədqiqatlar aparılmışdır.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ-nin Torpaq ekologiyası laboratoriyalarının əməkdaşları tərəfindən təşkil olunmuş ekspedisiyada laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Zaman Məmmədov, eləcə də əməkdaşlar Xıdır Qasımov və Tərlan Yermarlı iştirak etmişlər.

Aparılan tədqiqatların nəticələrinə əsasən müəyyən edilmişdir ki, regionun əsas çay hövzələri – Qusarçay, Kənarçay, Qudialçay, Quruçay, Ağçay, Qaraçay, Vəlvələçay, Gilgilçay və digər su sistemləri boyunca geniş miqyaslı torpaq sürüşmələri və uçqunlar baş vermiş, nəticədə torpaq örtüyündə əhəmiyyətli itkilər qeydə alınmışdır.

Tədqiqatlar göstərmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələri, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahələri, o cümlədən meşə fondu torpaqları müxtəlif dərəcələrdə zərərə məruz qalmış, bəzi sahələr isə şərti olaraq yararsız vəziyyətə düşmüşdür.

Xüsusilə örüş sahələri kimi istifadə olunan kənd təsərrüfatı torpaqlarında sürüşmə prosesləri daha intensiv xarakter daşımışdır. Qusar rayonu üzrə Ləzə, Zindamuruq, Cağar, Çətgün, Kuzun, Əniq, Xuray, Çiləgir, Gican, Hil və Yasab kəndlərində, həmçinin Quba rayonu üzrə Susay kəndində və əsas avtomobil yolları boyunca – Quba–Xınalıq yolunun 7-ci, 28-ci və 32-ci kilometrliklərində, Quba–Qonaqkənd yolunun 40–43-cü kilometrliklərində, Aydınkənd ərazisində, eləcə də Quba– Möhüc–Tülər–Aşağı Tüləkəran istiqamətində yerləşən kəndlərdə 1,5–2 km uzunluğunda sahələrdə müxtəlif dərəcəli sürüşmə və uçqun prosesləri müşahidə edilmişdir.

Bununla yanaşı, aparılmış təhlillər göstərmişdir ki, bəzi ərazilərdə həyata keçirilən infrastruktur layihələri zamanı torpaq-iqlim şəraiti lazımi səviyyədə diqqət yetirilməmişdir. Nəticədə, xüsusilə cənub baxarlı yamaclarda sürüşmə və uçqun proseslərinin intensivliyi artmışdır. Məlumdur ki, torpaqəmələgəlmə prosesində relyef əsas amil kimi iştirak edir. Məhz bu baxımdan cənub yamaclarda torpaq örtüyü yuxa, quru, zəif bitkili olması istər kənd təsərrüfatında istərsədə iqtisadiyyatın digər sahələrində nəzərə alınmalıdır.