
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun “Əhali coğrafiyası” laboratoriyasının aparıcı elmi işçisi, c.ü.f.d dosent Etibar Bədəlov aprelin 23-ü Moskva şəhərində keçirilən “Müasir dünyada şəhərlər” mövzusunda VI Geourbanistika Beynəlxalq Elmi Konfransında onlayn formatda Zoom platforması vasitəsilə iştirak edib.
Rusiyanın Elmlər Akademiyasının Coğrafiya İnstitutu və Lomonosov adına Moskva Dövlət Universiteti Coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə alim məruzə ilə çıxış edib.
Etibar Bədəlov “Azərbaycan şəhərlərinin funksional tipologiyası” mövzusunda təqdimatında ölkə şəhərlərinin sosial-iqtisadi inkişaf xüsusiyyətləri, ixtisaslaşma istiqamətləri, urbanizasiya prosesləri və şəhər məskunlaşma sistemində tutduqları mövqelər barədə geniş məlumat verib.
Konfrans çərçivəsində müxtəlif ölkələrdən qatılan alim və mütəxəssislər müasir urbanizasiya çağırışları, şəhər idarəetməsi, dayanıqlı inkişaf, demoqrafik proseslər və şəhər coğrafiyasının aktual problemləri ətrafında fikir mübadiləsi aparıblar.
Beynəlxalq tədbirdə Azərbaycan elminin təmsil olunması, eləcə də ölkəmizin şəhərsalma və urbanizasiya sahəsində aparılan tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.