İntensiv yağıntılar nəticəsində baş vermiş sürüşmə və sel hadisələrinin fəsadları təhlil edilib 2026-04-24 10:23:00 / MÜSAHİBƏLƏR

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geomorfologiya və paleocoğrafiya, həmçinin Landşaftşünaslıq və landşaft planlaşdırılması laboratoriyalarının əməkdaşları Qusar və Quba rayonlarında martın sonu, aprelin əvvəllərində intensiv yağıntıların səbəb olduğu sürüşmə və sel hadisələrinin nəticələrini araşdırıblar.

İnstitutun elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər AZƏRTAC-a açıqlamasında bildirib ki, aparılan tədqiqatlar nəticəsində Qusar rayonunun bir sıra kəndlərində ciddi fəsadlar qeydə alınıb. Belə ki, kənddə yollar sel suları tərəfindən yuyularaq yararsız hala düşüb. Suvacal, Gündüzqala, Əniğ və Mucuq kəndlərində yerləşən körpülər istifadəyə yararsız vəziyyətə düşüb.

Bundan əlavə, Əniğoba kəndində fəaliyyət göstərməyən köhnə məscidin bir hissəsi dağılıb. Həzrə kəndində Ukur çayının sahilində yerləşən dəyirman sel sularının təsirinə məruz qalıb. Quxuroba kəndində 200 hektar, Zuxul kəndində isə 50 hektardan artıq əkin və bağ sahələri su altında qalıb.

“Quba–Qusar zonasında ekzodinamik proseslərin inkişafı üçün əlverişli təbii şərait mövcuddur və sürüşmə, sürüşmə-uçqun və uçqun mənşəli relyef formalarının yaranması neotektonik hərəkətlərin diferensiallığı və giltərkibli süxurların üstünlük təşkil etməsi ilə əlaqədardır. Orta dağlıq zonada bu proseslər Qudyalçay və Qaraçay çayları arasındakı suayrıcının şərqindən başlayaraq Qonaqkəndədək uzanır və Soxub–Yərfin çökəkliyini əhatə edir. Arid iqlimli alçaq dağlıq zonada isə sürüşmələr Afurca–Şurabad qurşağında inkişaf edib”, - deyə alim bildirib.