Coğrafiyaşünas-alim: Müşahidə olunan iqlim dəyişmələri qlobal istiləşmənin davamıdır 2026-04-15 14:33:00 / MÜSAHİBƏLƏR

Son günlər Azərbaycanda, xüsusilə də Bakıda baş verən meteoroloji hadisələr meridional proseslər nəticəsində olub. Bakıda subasma ölkədən şimal-şərqdə yaranan və geniş bir ərazini əhatə edən, troposferin orta təbəqələrində formalaşan yüksək siklonla bağlı olub. Aprelin 14-də düşən intensiv yağıntılar və Böyük Qafqazın şimal-şərq yamacında demək olar ki, bütün çaylardan keçən güclü sel hadisələri isə Cənub siklonlarının ölkə ərazisinə müdaxiləsi nəticəsində əmələ gəlib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun iqlim şöbəsinin aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev məlumat verib. O qeyd edib ki, hazırda müşahidə olunan iqlim dəyişmələrini qlobal istiləşmənin davamı kimi səciyyələndirmək olar. Qlobal istiləşməni həm birbaşa, həm də dolayı olaraq sübuta yetirmək mümkündür. Yer səthində qlobal temperaturun müşahidələr nəticəsində qeyd olunan artımı okean səviyyəsinin qalxması, quruda qar və buz örtüyünün sahəsinin azalması, Azərbaycanda qar xəttinin yuxarıya qalxması, dağ buzlaqlarının sahəsinin əhəmiyyətli dərəcədə azalması ilə müşayiət olunur. Orta sutkalıq temperaturun müəyyən hədlərdən keçidinin yazda tezləşməsi, payızda gecikməsi, bu keçid tarixləri arasındakı dövrün davamiyyətinin, aqroiqlim ehtiyatlarının əsas göstəricisinin artması və s. bu kimi əlamətlər iqlim dəyişmələrinin dolayı təsdiqləyicisidir.