Görkəmli Torpaqşünas Alim Amin İsmayılovun 75 İllik Yubileyi 2026-03-16 16:28:00 / MÜHÜM HADİSƏLƏR

       Aqrar elmlər sahəsində tanınmış alim, aqrar elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Amin İsmayıl oğlu İsmayılovun anadan olmasının 75 ili tamam olur. Uzun illər ərzində torpaqşünaslıq elminin inkişafına mühüm töhfələr vermiş alim hazırda AR ETN Coğrafiya İnstitutunun Geoməkan analitikası və kartoqrafiya laboratoriyasının baş elmi işçisi kimi elmi fəaliyyətini davam etdirir.

     Amin İsmayılov 1951-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirmiş, Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspiranturasında təhsil almışdır. 1981-ci ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2011-ci ildə professor elmi adına layiq görülmüş, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

    Əmək fəaliyyətinə mühəndis kimi başlayan alim uzun illər Torpaqşünaslıq və Aqrokimya İnstitutunda müxtəlif elmi vəzifələrdə çalışmış, 1997–2009-cu illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinə rəhbərlik etmişdir. O, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin Geomatika kafedrasında professor kimi pedaqoji fəaliyyət göstərmiş, sonrakı illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya rəhbəri olmuşdur. Hazırda AR ETN Coğrafiya İnstitutunda elmi fəaliyyətini davam etdirir.

     Amin İsmayılovun elmi fəaliyyəti torpaq informatikası, torpaq örtüyünün geoməkan təhlili, Coğrafi İnformasiya Sistemləri (CİS) mühitində torpaq məlumatlarının emalı, torpaqların konseptual diaqnostik modellərinin hazırlanması və torpaq-ekoloji mühit üzrə geoinformasiya bazalarının yaradılması kimi mühüm istiqamətləri əhatə edir. O, Azərbaycanda torpaq tədqiqatlarında CİS texnologiyalarının tətbiqinin elmi əsaslarını işləyib hazırlayan alimlərdəndir.

   Alim 1985–1988-ci illərdə Suriya Ərəb Respublikasında beynəlxalq torpaq tədqiqatlarında iştirak etmiş, qayıtdıqdan sonra isə ölkəmizdə torpaq tədqiqatlarında kompüter texnologiyalarının tətbiqi istiqamətində ilk təşəbbüslərdən birini həyata keçirərək torpaq informatikasının əsasını qoymuşdur.

      Professor Amin İsmayılovun elmi fəaliyyəti istehsalatla sıx bağlı olmuşdur. Torpaq islahatları dövründə o, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində çalışarkən ölkədə torpaq kadastr sisteminin müasir texnologiyalar əsasında formalaşdırılmasına mühüm töhfələr vermişdir. 2003–2005-ci illərdə həyata keçirilən Azərbaycan–İsveçrə kadastr layihəsinin ideya müəllifi və Azərbaycan tərəfindən direktoru olmuşdur.

     Alimin rəhbərliyi və iştirakı ilə mühüm geoinformasiya layihələri həyata keçirilmişdir. 2012-ci ildə CİS əsasında Azərbaycanın ilk rəqəmsal torpaq xəritəsi hazırlanmış, Kür-Araz ovalığının torpaqlarının rəqəmsal şorlaşma xəritəsi tərtib edilmişdir. 2017-ci ildə isə FAO tərəfindən nəşr olunan “Dünyanın Torpaq Üzvi Karbonu xəritəsi” layihəsində Azərbaycanın torpaqlarının üzvi karbon ehtiyatlarını əks etdirən rəqəmsal xəritə hazırlanmışdır.

Amin İsmayılov Azərbaycanın torpaqşünaslıq elminin beynəlxalq elmi məkanla inteqrasiyası istiqamətində də fəal fəaliyyət göstərir və uzun illərdir BMT-nin Qlobal Torpaq Tərəfdaşlığı proqramında ölkəmizi təmsil edir.

     Görkəmli alim 180-dən artıq elmi əsərin müəllifidir. Onların sırasında monoqrafiyalar, ali məktəb dərslikləri, atlaslar və metodiki vəsaitlər mühüm yer tutur. Onun rəhbərliyi ilə fəlsəfə doktorları və çoxsaylı magistrlər hazırlanmışdır.

Amin İsmayılov elmi fəaliyyətlə yanaşı ictimai həyatda da fəal iştirak edir. O, 2017–2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və Aqrar Elmlər üzrə Ekspert Şurasının sədri olmuş, 2023-cü ildən Komissiyanın Rəyasət Heyətinin üzvüdür. 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilmiş, 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunmuşdur.

    Azərbaycan elmi ictimaiyyəti AMEA-nın müxbir üzvü Amin İsmayılovu 75 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayır