Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə bu il, noyabrın 25-də, Bakı şəhərinin Hilton otelində “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransı keçirməkdə əsas məqsəd qlobal su çatışmazlığı probleminin aradan qaldırılması və su resurslarından səmərəli istifadənin həlli yollarının axtarılıb tapılması, su ehtiyatlarının inteqrasiya yolu ilə idarə olunması, transsərhəd su resurslarının istifadəsində və qorunmasında birgə əməkdaşlıq, sudan siyasi məqsədlərlə istifadə və s. məsələlərin müzakirəsindən ibarətdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov iştirak və çıxış edəcəklər.
Konfransa dünyanın hər yerindən - ABŞ, Kanada, İngiltərə, Türkiyə, Serbiya, Misir, Bosniya, Portuqaliya, Gürcüstan, Qazaxıstan və s. ölkələrdən olan alim-mütəxəssislər dəvət olunmuşlar.
“Qlobal su çatışmazlığı probleminin ekoloyi, siyasi, iqtisadi və sosial aspektləri” plenar iclasının moderatoru olan R.Məmmədov “Qlobal su çatışmazlığı və onun siyasiləşdirilməsinin təhdid xarakteri” mövzusunda məruzə ilə çıxış edəcək.