Bakı və digər şəhərlərdə iqlim dəyişikliyi həyatımıza necə təsir edir? - Reportaj 2026-02-06 15:57:00 / MÜSAHİBƏLƏR

Son illərdə Bakı və Azərbaycanın digər şəhərlərində iqlim dəyişikliyi ilə bağlı müşahidələr artıb. Hava temperaturunun yüksəlməsi, qeyri-sabit yağış rejimi və ekstremal hava hadisələrinin sayı həm şəhər sakinlərinin gündəlik həyatına, həm də iqtisadi fəaliyyətə təsir göstərir.

 Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Coğrafiyaçı alim, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev son illər Coğrafiya İnstitutunda apardıqları tədqiqatlara əsaslanaraq qeyd edir ki, iqlim dəyişmələri ilə əlaqədar istiləşmə və qeyri-sabit havaların təkrarlanmasının tez-tez müşahidə olunması atmosferdə baş verən proseslərlə sıx bağlıdır:

 "2019-2030-cu illər ərzində Günəş fəallığının artması və bununla bağlı meridional proseslərin təkrarlanmasının çoxalması bu dəyişkənliyin əsas səbəblərindəndir. Bakı şəhərində qeyri-sabit havanın səbəblərindən biri də şəhərin mikrorelyefinin xeyli dəyişməsidir. Xüsusilə də “göydələnlərin” sayının artması, onların tikintisi zamanı iqlim şəraitinin xüsusilə də külək rejiminin nəzərə alınmaması belə dəyişmələrin çoxalmasına səbəb olur. Binaların arasında məsafələrin çox az olması küləyin sürətini xeyli artırır, hündür binalar isə yağıntını, dumanlı havalarının çoxalmasına səbəb olur. 

İntensiv yağıntıların yağması şəhər təsərrüfatına böyük ziyan vurur, su basma, kanalizasiya sisteminin düzgün işləməməsi və ya su buraxma qabilliyətinin azalması çətinliklər yaradır. Amma belə vəziyyətdən istifadə etmək, artıq yağış sularını toplamaq və onlardan səmərəli istifadə etmək mümründür. 

Təbiət hadisələrinin qarşısını almaq qeyri mümkündür, amma onların mənfi təsirinin xeyli azaltmaq olar. Quraq şəraitin mövcud olması ekosistemlərə təsir edən əsas amillərdəndir. Ona görə yaşıllaşdırma işləri apararkən quraqlığa davamlı ağac və kol bitkilərindən istifadə etmək olar. Ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülməli, atmosferə atılan karbon emissiyalırın miqdarı azaldılmalıdır. Nəqliyyat vasitələrinin buraxdığı yanma tullantılarını azaltmaq, elektriklə işləyən nəqliyyat vasitələrinin istifadəsinə xüsusi diqqət verilməlidir. 

İnsan hər bir dəyişikliyə uyğunlaşmağa qadirdir. Əlbəttə havanın çox isti və ya çox soyuq olması insanların həyatına mənfi təsir göstərir. Güclü küləkdə hərəkət etmək çox çətinləşir. Belə günlərdə insanlar özlərini qorumağı bacarmalıdırlar. Xüsusilə də meteohəssas insanlar. Həddindən artıq soyuq və isti hava şəraitində insanlar mövcud havaya uyğun hərəkət etməlidirlər".

 Mövzu ilə bağlı şəhər sakini Aydan Əsgərxanlı bildirib ki, son illər şəhərdə iqlim dəyişikliyini açıq şəkildə hiss edirəm:

 "Yay ayları əvvəlkindən daha uzun və daha dözülməz isti keçir, qışda isə hava ya qəfil soyuyur, ya da gözlənilmədən mülayim olur. Yağışlar da qeyri-sabitdir – bəzən aylarla yağış yağmır, bəzən isə qısa vaxtda güclü leysanlar olur və küçələrdə problemlər yaranır. Bu vəziyyət həm sağlamlığa, həm də gündəlik həyatımıza təsir edir. Şəxsi olaraq suya qənaət etməyə çalışıram, mümkün olduqca ictimai nəqliyyatdan istifadə edirəm, yayda enerji sərfiyyatını azaltmaq üçün evdə sərinliyi qoruyan üsullara üstünlük verirəm. Düşünürəm ki, hər kəs kiçik də olsa məsuliyyətli davransa, ümumi təsiri azaltmaq olar".

informator.az