
Fevralın 4-ü görkəmli coğrafiyaçı alim, tanınmış xəzərşünas və okeanoloq, akademik ART ETN Coğrafiya İnstitutunun sabiq direktoru, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, akademik Ramiz Məmmədovun anadan olmasının 76-cı ildönümüdür.
Akademik Ramiz Məmmədovun elmi tədqiqatları əsasən Xəzər dənizinin ən aktual problemlərinə — onun hidrologiyasına və hidrofizikasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziya proseslərinin öyrənilməsinə, dəniz səviyyəsinin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndirici maddələrin dəniz mühitində yayılmasının fiziki-coğrafi modellərinin yaradılmasına, Xəzər dənizinin hüquqi statusu probleminə və ümumilikdə Xəzərin ekocoğrafiyasına həsr olunmuşdur.
Akademik Ramiz Məmmədov 320-dən artıq elmi məqalənin, 15 kitabın və 1 atlasın müəllifidir. Onun 20-dən çox elmi işi Azərbaycan Milli Elmlər Akademiyasının mühüm elmi nəticələrinin siyahısına daxil edilmişdir.
Zəngin elmi irsi, yüksək təşkilatçılıq qabiliyyəti, fədakar əməyi və insanlara olan səmimi münasibəti ilə seçilən akademik Ramiz Məmmədov Azərbaycan coğrafiya elminin inkişafında silinməz iz qoymuş, yetişdirdiyi kadrlar və yaratdığı elmi məktəb vasitəsilə öz adını elm tariximizə əbədi həkk etmişdir. Onun parlaq şəxsiyyəti və nəcib insanlığı onu tanıyan hər kəsin yaddaşında daim yaşayacaqdır.
Akademikin doğum günü münasibətilə İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı onun məzarını ziyarət etmiş, xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə gül dəstəsi qoymuşdur.
Allah rəhmət eləsin!