
30 yanvar 2026-cı ildə Hacıqabul rayonu ərazisində palçıq vulkanı aktivliyinin təzahürü qeydə alınmışdır. Daxil olan məlumatlar və son püskürməyə aid vizual əlamətlərlə əlaqədar olaraq, Coğrafiya İnstitutunun əməkdaşları c.ü.f.d. Səidə Zeynalova, c.e.d. Sevil Quliyeva və c.ü.f.d. Müseyib Yunusov 31 yanvar 2026-cı ildə bu hadisənin xarakterini və nəticələrinin operativ qiymətləndirilməsi məqsədilə sahə müşahidələri aparmışlar.
Tədqiqat sahəsi intensiv tektonik pozulmalar və aktiv flüidodinamik proseslərlə səciyyələnən palçıq vulkanizminin inkişaf zonasında yerləşir. Püskürmə əsasən gilli və aleuritli çöküntülərdən ibarət, parçalanmış təpə-təknəvari relyeflə əlaqəlidir. Səthdə eroziya formalarının, denudasiya yamaclarının və çatlı sahələrin inkişafı müşahidə olunur ki, bu da dərin flüidlərin yer səthinə çıxmasını asanlaşdırır.
Kratərə və ehtimal olunan püskürmə ocağına birbaşa təmas həyata keçirilməmişdir. Palçıq vulkanizmi aktivliyinin təzahür etdiyi ərazidə strateji obyektlərin mühafizə xidmətinin əməkdaşları olmuş və potensial təhlükə ilə əlaqədar olaraq ocağa yaxınlaşmamaq tövsiyə edilmişdir. Bu səbəbdən, sahə müşahidələri təhlükəsiz məsafədən vizual qiymətləndirmə ilə məhdudlaşdırılmışdır.
Sahə müşahidələrinin aparılan vaxt vəziyyətə əsasən, yaşayış məntəqələrinə və infrastruktur obyektlərinə hər hansı mənfi təsir qeydə alınmamışdır. Dəyişikliklər lokal xarakter daşıyır və palçıq vulkanizmi aktivliyinin təzahür sahəsi ilə məhdudlaşır; aktiv fazanın davam etməsinə dair əlamətlər aşkar edilməmişdir. Bununla belə, regionun tektonik və palçıq vulkanizmi baxımından aktivliyini nəzərə alaraq, məsafədən zondlama və yerüstü üsullardan istifadə etməklə monitorinq müşahidələrinin davam etdirilməsi məqsədəuyğun hesab olunur.
Təqdim olunan fotomaterialda Hacıqabul qəsəbəsi yaxınlığında palçıq vulkanizmi aktivliyinin təzahür etdiyi sahənin ümumi görünüşü əks olunmuşdur: gilli və aleuritli çöküntülərdən ibarət təpə-təknəvari relyef və müasir denudasiya əlamətləri.
Koordinatlar: 40°08′33.7″ şm.e., 49°10′53.8″ ş.u. Sahənin coğrafi koordinatları Google Maps xidmətinin peyk məlumatları əsasında müəyyən edilmişdir.