Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib 2026-01-19 14:46:00 / TƏDBİRLƏR

     Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib. Tədbirin əvvəlində institutun əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının, eləcə də Vətənimizin azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

     Tədbiri giriş sözü ilə İnstitutun direktoru vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani açıb. O, 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqillik tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayaraq, bu faciənin xalqımızın azadlıq iradəsini daha da gücləndirdiyini bildirib. Qeyd edib ki, 20 Yanvar şəhidlərinin qanı milli azadlıq mübarizəmizin ideoloji və mənəvi əsaslarının formalaşmasında həlledici rol oynayıb.

     Tədbirdə 20 Yanvar hadisələrinin birbaşa şahidi olmuş, həmin dövrdə gedən proseslərin mərkəzində yer alan alimlər – c.ü.f.d. Etibar Bədəlov, c.e.d. Rza Mahmudov, c.ü.f.d. Həsən Nəbiyev və Həmdulla Əliyev çıxış ediblər. Çıxışçılar xatirələrini bölüşərək, həmin gecə Bakıda və respublikanın digər bölgələrində baş verən hadisələrdən danışıblar. Onlar 20 Yanvar faciəsinin başvermə səbəblərini, sovet imperiyasının xalqın azadlıq iradəsini boğmaq məqsədilə həyata keçirdiyi hərbi təcavüzü, bu hadisələrin tarixi əhəmiyyətini və müstəqillik yolunda yaratdığı dönüş nöqtəsini geniş şəkildə şərh ediblər.

     Daha sonra İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək bildirib ki, Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çoxsaylı şəhidlər versə də, onun iradəsi sınmayıb, milli ruhu sarsılmayıb və bu faciə xalqımızın mübarizə əzmini daha da gücləndirib.

    Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbirdən sonra Coğrafiya İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2026