Coğrafiya İnstitutunda uzun illər səmərəli fəaliyyət göstərmiş əməkdaşlar təltif olunub 2026-01-15 12:17:00 / TƏDBİRLƏR

   Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunda təqaüd yaşına çataraq institutdakı əmək fəaliyyətini başa vurmuş əməkdaşların əməyinin qiymətləndirilməsinə həsr olunmuş tədbir keçirilib. İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlının təşkilatçılığı  ilə baş tutan tədbir uzun illər elmi fəaliyyətlərini Coğrafiya İnstitutuna həsr etmiş alim və əməkdaşlara ehtiramın ifadəsi kimi yadda qalıb.

  Tədbiri giriş sözü ilə İnstitutun direktoru vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani açıb. O çıxışında ömrünü Coğrafiya İnstitutuna həsr etmiş alimlərin və əməkdaşların ölkədə coğrafiya elminin formalaşması, inkişafı və elmi məktəblərin yaranmasında mühüm rol oynadıqlarını vurğulayıb. Zaur İmrani qeyd edib ki, bu alimlərin zəngin elmi irsi, tədqiqatları və yetişdirdikləri gənc kadrlar bu gün də institutun fəaliyyətində mühüm yer tutur və gələcək nəsillər üçün örnəkdir.

    Daha sonra alim və əməkdaşlara Coğrafiya İnstitutunda uzun illər ərzində səmərəli elmi-praktik fəaliyyət göstərdiklərinə görə təşəkkürnamələr təqdim edilib.

Tədbirdə iştirak edən institutun keçmiş əməkdaşları çıxış edərək illərlə çalışdıqları Coğrafiya İnstitutunda keçən mənalı və unudulmaz günlərlə bağlı xatirələrini bölüşüblər. Onlar institutda hökm sürən sağlam elmi mühitdən, kollektiv ruhundan, qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrindən söz açıblar. Eyni zamanda, çıxış edənlər institut rəhbərliyinə və hazırkı əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, Coğrafiya İnstitutunun bundan sonra da ölkə elminə dəyərli töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.

    Səmimi atmosferdə keçən tədbir institutun elmi ənənələrinə, insan kapitalına və zəhmətkeş alimlərinə verilən yüksək dəyərin bariz nümunəsi kimi iştirakçıların yaddaşında qalıb.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2026