
AR ETN Coğrafiya İnstitutunda Qadınlar Şurasının təşkilatçılığı ilə “Azərbaycan qadının elmə verdiyi töhfələr“ adlı tədbir keçirilib.
Tədbirdə Coğrafiya İnstitutunun qadın heyəti, Milli Məclisin deputatı Gunay Ağamalı, AMEA Qadınlar Şurası Rəyasət Heyətinin üzvləri və s. iştirak edib.
İclasa sədrlik edən İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı gündəlikdə duran məsələlərlə tədbir iştirakçılarını tanış etdikdən sonra sözü İnstitutun Qadınlar Şurasının sədri c.ü.f.d. şöbə müdiri Solmaz Rzayevaya verib.
Şura sədri “Azərbaycan qadının elmə verdiyi töhfələr“ mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan qadınını müstəqil Azərbaycan dövlətinin yorulmaz cəfakeşi adlandıran məruzəçi onun cəmiyyətdəki rolu və mövqeyi, eləcə də dövlətin və cəmiyyətin qadına verdiyi dəyəri diqqətə çatdırıb. Azərbaycan qadınının elm sahələrində uğurlarından söz açan S.Rzayeva qeyd edib ki, bu il 80 illik yubileyini qeyd edən Coğrafiya İnstitutu bundan sonra da coğrafi tədqiqatların daha səmərəli şəkildə genişləndirilməsi istiqamətində yaradıcılıq təşəbbüslərini artıracaq.
Sonra natiq Coğrafiya İnstitutunun qadın tədqiqatçılarının keçdiyi 80 illik tarixi yolu “vərəqləyək” onların elmi fəaliyyətindən söz açıb.
Milli Məclisin deputatı Gunay Ağamalı, AMEA Qadınlar Şurasının sədr müavini Tubuxanım Qasımzadə, şura üzvləri Xanımzər Kərimova, Şəbnəm Həsənli, Coğrafiya İnstitutunun qadın alimləri Starə Tarixazər və Yelena Tağıyeva və digərləri çıxış edərək Azərbaycan qadınlarının fəaliyyətindən, fədakarlığından, zəhmətsevərliyindən, əldə etdikləri nailiyyətlərdən və s. söhbət açıblar.