1765883559.jpeg)
AR ETN-in Coğrafiya İnstitutu PHŞ ilə Almaniyanın Yustus Libix Universiteti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən universitetin professor-müəllim heyəti və tələbələrindən ibarət bir qrup Azərbaycanda ezamiyyətdə olub.
İçtirakçılar üçün Coğrafiya İnstitutunda “Azərbaycanda iqlim dəyişikliyi problemləri istiqamətində sahə tədqiqatlarının qiymətləndirilməsi və hazırlanmasında müasir metodlar” mövzusunda seminar təşkil olunub. Alman qonaqlar iqlimə adaptasiya kontekstində tədqiqat problemlərinin təyin edilməsi, iştirak fəaliyyəti tədqiqatı (Participatory Action Research), interaktiv qrupların yaradılması, icmaların fikirləri əsasında tədqiqat problemlərinin xəritələşdirilməsi və sair mövzularda təqdimatlarla çıxış ediblər. Ardınca tərəflər arasında interaktiv qruplar yaradılıb və Azərbaycanda iqlim dəyişikliyinin müasir nəticələri və onlara qarşı adaptasiya tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İki gün davam edən seminarın sonunda gənc tədqiqatçılar tərəfindən təqdim edilən “Azərbaycanda iqlim dəyişikliyinin nəticələri, onun icmalara təsiri və problemin aradan qaldırılması istiqamətində adaptasiya tədbirləri” istiqamətindəki yazılı fikirlər Coğrafiya İnstitutunun direktor v.i.e. c.ü.f.d., dos. Zaur İmrani və Yustus Libix Universitetinin Coğrafiya İnstitutunun sədri Professor Andreas Dittmann tərəfindən yüksək qiymətləndirilib. Tədbirin sonunda fəal iştiraka görə gənc tədqiqatçıların hər birinə sertifikat təqdim edilib.
Səfərin sonuncu günündə hər iki müəssisənin nümayəndələri “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna, Şamaxı rayonunda “Cümə məscidi”, “Meysəri” şərab zavodu və digər ərazilərə səfər ediblər.