
AR Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru professor Rza Mahmudov Asiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Bu təşkilat 2025-ci ilin noyabrından Çin Xalq Respublikasında fəaliyyətə başlayıb. Yeni qurumun əsas məqsədi Asiya ölkələri arasında elmi inteqrasiyanı gücləndirmək, qabaqcıl tədqiqatçıları bir platformada birləşdirmək və qlobal elmi müzakirələrdə regionun rolunu artırmaqdır.
Yaradılan Akademiyanın ilk tərkibinə 121 alim daxil edilib. Üzvlər təkcə Asiya ölkələrini deyil, həmçinin ABŞ, Fransa, Yunanıstan, Moldova və Belarus kimi Asiya hüdudlarından kənarda yerləşən dövlətləri də təmsil edir. Akademiyaya Çin, Rusiya, Hindistan, Yaponiya, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikıstan, Özbəkistan, Qırğızıstan və Pakistan kimi ölkələrdən tanınmış elm adamları seçilib.
Azərbaycan alimlərinin bu quruma qəbul olunması ölkəmizin elmi tərəqqisinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və müasir tədqiqatlara inteqrasiyasına mühüm töhfə verəcək. Bu uğur həm də dünya elmi məkanında Azərbaycanın getdikcə güclənən mövqeyini təsdiqləyir.
Coğrafiya İnstitutunun kollektivi hörmətli alimimiz Rza Mahmudovu bu əlamətdar hadisə münasibəti ilə təbrik edir və ona gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edir!