Hidroloq alimlərin məqaləsi yüksək indeksli jurnalda dərc edilib 2025-12-03 14:20:00 / MÜHÜM HADİSƏLƏR

AR ETN-in akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin müdiri c.e.d., professor Rza Mahmudov; şöbənin aparıcı elmi işçiləri c.ü.f.d., dosent Mövlud Teymurov və c.ü.f.d., dosent Ziyafət Ağayevin həmmüəllif olduqları “Baseflow as the underground organızer and regulator of a single river system” (“Yeraltı axım vahid çay sisteminin   tənzimləyicisi rolunda”) adlı məqalə Scopus bazasında indeksləşən “Reliability: Theory & Applications” jurnalında (ABŞ) çap olunub.

       Müəlliflərin fikrinə görə qlobal iqlim dəyişiklikləri və insan fəaliyyətinin təsiri altında dünyada içməli su ehtiyatları getdikcə azalır. Azərbaycanın da daxil olduğu arid regionlarda su problemlərinin yaranmasında ehtiyatların tükənməsi ilə yanaşı, axımın il ərzində qeyri-bərabər paylanması ilə bağlı stresslər də mühüm rol oynayır. Xüsusilə, yaz aylarında axımın əksər hissəsinin keçməsi, yayda tələbatın artdığı dövrdə yaranan kəskin su qıtlığı problemin başlıca qütbləri sırasındadır. Nəticədə, çaylarda axımının tənzimlənməsi üçün əlavə müdaxilələrə ehtiyac yaranır. Çay axımını süni və təbii yollarla tənzimləmək mümkündür. Axımın süni tənzimlənməsi su anbarlarının tikintisi yolu ilə həyata keçirilir. Lakin süni sututarların inşası yüksək maliyyə xərcləri tələb etməklə bərabər, ciddi ekoloji problemlərlə də müşayiət olunur. Təbii tənzimlənmə isə çayların qidalanmasında yeraltı sular hesabına baş verir və axımın ildaxili nisbətən bərabər paylanmasına şərait yaradır. Çayların baza axımının (yeraltı qidalanma payının) qiymətləndirilməsi çətin hidroloji tədqiqat sahələrindən sayılır, lakin su ehtiyatlarının daha səmərəli və inteqrasiyalı idarə olunması baxımından mühüm elmi-praktik əhəmiyyət kəsb edir. Baza axımın qiymətləndirilməsi eyni zamanda süni tənzimlənmənin özünün layihələşdirilməsi və proqnozlaşdırılması üçün də çox vacib bir prosedurdur.

       Məqalədə çayların yeraltı axım həcmini hesablamaq məqsədilə yeni düstur təklif edilib. Alınan nəticələr bu sahədə post-sovet, Qərb və Şərq elmi istiqamətlərinin üstün cəhətlərinin sintezi ilə, emal prosesində hava və torpaqların rütubətliyini əks etdirən onlarla parametrin təhlili əsasında əldə edilib. Kosmik informasiyalar və GİS texnologiyaları əsasında aparılan qiymətləndirmə mexanizmi hətta müşahidə məlumatları olmadan, məkan-zaman məhdudiyyətləri qoyulmadan belə, istənilən təbii şəraitdə çayların yeraltı axım həcmini yüksək dəqiqliklə hesablamağa imkan verir. Yüksək innovativ xüsusiyyətlərinə görə əldə edilən nəticələr həmçinin ABŞ Təbii Ehtiyatların Mühafizəsi Nazirliyi (US NRCS) tərəfindən mühüm elmi təkliflər blokuna daxil edilib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025