
Ana Kür layihəsinin tərkib hissəsi olaraq Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində (MTK) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu nümayəndələrinin, həmçinin Kompleksin şagird və müəllim heyətinin iştirakı ilə elmi sessiya təşkil edilib.
Tədbirdə “Tuqay meşələrinin bərpası və bu sahədə süni intellektin tətbiqi” mövzusu müzakirə olunub.
Elmi sessiyada Coğrafiya İnstitutunun alim və mütəxəssisləri – baş direktor v.i.e. coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani, elmi katib, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Səidə Zeynalova, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Abuşova, kiçik elmi işçi Nazim Gəraylı, baş laborant Şəms İmrani və ETSN-nin Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev çıxış ediblər. Onlar Tuqay meşələrinin ekoloji əhəmiyyəti, onların bərpasında tətbiq olunan müasir yanaşmalar və davamlı meşə idarəetməsinin vacibliyi haqqında məlumat veriblər.
Sessiya çərçivəsində xüsusi olaraq vurğulanıb ki, süni intellekt texnologiyaları Tuqay meşələrinin monitorinqi, ekoloji göstəricilərin təhlili və bərpa proseslərində elmi əsaslandırılmış qərarların qəbulunu dəstəkləmək üçün mühüm imkanlar yaradır. Alimlər bu sahədə qabaqcıl təcrübələri və tətbiq edilə biləcək innovativ alqoritmləri tədbir iştirakçıları ilə bölüşüblər.