Ekoloji tədqiqatlarda CİS texnologiyalarına dair kitab çap edilib 2025-11-27 16:32:00 / YENİ NƏŞRLƏR

 AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d. Natəvan Cəfərova və c.ü.f.d. Xasiyət İsmətovanın  “Ekoloji tədqiqatlarda Coğrafi İnformasiya Sistemləri texnologiyaları və məsafədən zondlama məlumatlarının tətbiqi prinsipləri” monoqrafiyası çapdan çıxıb.

Kitabın elmi redaktoru Coğrafiya İnstitutunun baş direktoru v.i.e. c.ü.f.d. dosent Zaur İmranidir.

Müəlliflər əsəri ata və həyat yoldaşı, Coğrafiya İnstitutunun sabiq direktoru, tanınmış okeanoloq alim, akademik, Dövlət Mükafatı laureatı, “Şöhrət” ordenli Ramiz Məmmədovun əziz xatirəsinə ithaf ediblər.

9 fəsildən və 400 səhifədən ibarət kitabda akademik R.M. Məmmədovun rəhbərliyi altında müəlliflər tərəfindən aparılmış elmi işlərin nəticələri təqdim olunur. Yer səthinin aerokosmik vasitələrlə və məlumatlarla öyrənilməsi üçün hibrid informasiya - analitik sistemlərin yaradılması metodları, bu məlumatların yerüstü ölçmələrlə və məkan məlumatlarının işlənməsi üzrə geoinformasiya texnologiyaları ilə inteqrasiyası izah olunur.

Kitabda aşağıdakılar araşdırılır:

  • geoinformasiya texnologiyalarınm və məsafədən zondlama materiallarının ekoloji tədqiqatlarda, rasional təbii ehtiyatlardan istifadədə və sosial-iqtisadi xəritələşdirmədə tətbiqinə dair nəzəri-metodoloji əsaslar;
  • aerokosmik təsvirlərin əldə olunmasının fiziki əsasları və texniki vasitələri;
  • müasir aerokosmik təsvir fondları və onların geoinformasiya sistemləri ilə inteqrasiyası imkanları, bu imkanlardan idarəetmə, rasional təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində istifadə yolları;
  • xəritələşdirmə, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və sosial-iqtisadi xəritələşdirmə məqsədləri üçün aerokosmik təsvirlərin deşifrə və interpretasiya metodları;
  • məsafədən zondlama məlumatlarının müasir geoinformasiya texnologiyalarına inteqrasiyası üsulları və onların müxtəlif tətbiqi məsələlərdə təhlil bacarıqlarının mənimsənilməsi.

Məsafədən zondlama və geoinformasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuş  monoqrafiya bu texnologiyaların qlobal, regional və lokal səviyyədə təbii ehtiyatlardan istifadə, sosial-iqtisadi və ekoloji problemlərin həlli üçün tətbiqinin başa düşülməsi və mənimsənilməsinə xidmət edir.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025