Zaur İmrani: Coğrafiya İnstitutunun 80 illiyi Azərbaycanda bu elmin inkişaf salnaməsidir 2025-11-21 11:10:00 / MÜHÜM HADİSƏLƏR

Zaur İmrani qeyd edib ki, hazırda Coğrafiya İnstitutunda qlobal iqlim dəyişmələri, meteoroloji proseslər, sinoptik hadisələr, su ehtiyatları və onların qiymətləndirilməsi, Xəzər dənizinin səviyyə tərəddüdləri, geomorfoloji və paleocoğrafi tədqiqatlar, sənayenin struktur fərqləri, kənd təsərrüfatının inkişaf dinamikası, nəqliyyat infrastrukturu, turizm-rekreasiya potensialı, demoqrafik vəziyyət, miqrasiya axınları, təbii fəlakətlərin intensivliyi, ekocoğrafi problemlər, tibbi coğrafi şərait və digər istiqamətlərdə elmi tədqiqatlar aparılır. Bunlarla yanaşı, Coğrafiya İnstitutu təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması, təbiətin mühafizəsinin təşkili, cəmiyyətin ekoloji maariflənməsi, istehsal sahələrinin səmərəli ərazi təşkili, ərazi-istehsal kompleksləri, sosial infrastruktur, turizm-rekreasiya işinin təşkili, investisiya cəlbediciliyi və inteqrasiya formaları, siyasi coğrafi problemlər və digər istiqamətlər üzrə layihələrdə iştirak edir.

Müsahibimiz qeyd edib ki, Coğrafiya İnstitutunun 80 illik fəaliyyəti dövründə bu elmi müəssisəyə Hadi Əliyev (1945-1948), Ənvər Şıxlinski (1948-1951), Əliabbas Mədətzadə (1951-1957), Qasım Gül (1957-1964), Saleh Rüstəmov (1964-1967), Həsən Əliyev (1967-1988), Budaq Budaqоv (1988-2012), Ramiz Məmmədov (2012-2021) rəhbərlik edib.

“Coğrafiya İnstitutunun yaranması ilə Azərbaycanda coğrafiya elminin bütün sahələrinin geniş inkişaf dövrü başlayıb. İlk illərdə əməkdaşların heç birinin elmi dərəcəsi olmasa da, artıq 1947-ci ildə institutda çalışan 20 nəfərdən 11-i elmlər namizədi elmi dərəcəsi adına layiq görülüb. Səksən ildən artıq zaman ərzində institut əməkdaşlarından 3-ü AMEA-nın həqiqi üzvü, 3-ü AMEA-nın müxbir üzvü, 39-u coğrafiya elmləri dоktоru, 204-ü coğrafiya üzrə fəlsəfə doktoru (elmlər namizədi) adına layiq görülüb. Bu müddət ərzində institutda 374 doktorant və dissertant təhsili alıb”, - deyə alim bildirib.

Z.İmrani əlavə edib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Соğrafiya İnstitutu öz fəaliyyətini əsasən iki mühüm elmi problem üzərində qurub: Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları; təbii ehtiyatların və onların ekосоğrafi xüsusiyyətlərinin tədqiqi, iqlim dəyişmələri fonunda aqroiqlim ehtiyatlarının qiymətləndirilməsi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-соğrafi problemləri, respublikanın konstruktiv və regional problemləri, səhralaşma prosesləri; Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillər və ekоlоji şəraitin tədqiqi.

Coğrafiya İnstitutunun 80 illik fəaliyyəti yalnız elmi nailiyyətlərlə deyil, həm də Azərbaycanın coğrafiya elminin formalaşması, inkişafı və yeni mərhələyə yüksəlməsi baxımından mühüm tarixi hadisədir. Bu yubiley institutun keçdiyi elmi yolun, qazandığı nailiyyətlərin və formalaşdırdığı elmi məktəblərin dəyərləndirilməsi üçün geniş imkan yaradır.

Bakı, 19 noyabr, Xatirə Cəfərova, AZƏRTAC

 

 

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025