
Baş direktor v.i.e. c.ü.f.d. dosent Zaur İmraninin sədrliyi ilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda iGeo - Beynəlxalq coğrafiya olimpiadasına hazırlıq dərslərinın hibrid formatda açılış tədbiri baş tutub.
Hazırlıq dərslərində iştirak edəcək şagirdlər, valideynlər və coğrafiya müəllimləri də tədbirə qatılıblar.
Tədbiri giriş sözü ilə açan Z.İmrani ETN Coğrafiya İnstitutu ilə Azərbaycan Coğrafiya Cəmiyyətinin “iGeo Azerbaijan Team” komandası üzvlərinə həmişə dəstək olduqlarını, şagirdlərin beynəlxalq olimpiadalarda iştirakına böyük önəm verdiklərini diqqətə çatdırıb.
Layihə rəhbəri, Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant Müsabiqəsinin qalibi olan Yaşar Seyidəliyev təqdimatla çıxış edərək layihə barəsində, iGeo-eGeo olimpiadaları, medal əldə edən qrant müsabiqələrinin qalibləri və bu il Tailandda keçirilən IX Qrant müsabiqəsi, şagirdlərimizin orada iştirakı haqqında dolğun məlumat verib. Bildirilib ki, BMT nəzdində fəaliyyət göstərən dünya ölkələri coğrafiya alimlərinin Beynəlxalq Coğrafiya Birliyinin (İGU) təşkil etdiyi Beynəlxalq Coğrafiya olimpiadası coğrafiya üzrə orta məktəb şagirdləri arasında dünyada ən yüksək müsabiqədir və hər ilin avqust ayında keçirilir. Milli coğrafiya müsabiqəsinin ən yaxşısı adını alan və 16-19 yaş arası olan gənclər müsabiqədə iştirak etmək hüququ qazanırlar.
Layihə rəhbəri çıxışının sonunda şagirdlərin Beynəlxalq tədbirə hazırlığında coğrafiyaçı alimlərin həmişə xüsusi rol oynadıqlarını diqqətə çatdırıb, göstərdiyi dəstəyə görə ETN Coğrafiya İnstitutu və Respublika Coğrafiya Cəmiyyətinə minnətdarlığını bildirib.
Şöbə müdirləri - c.ü.f.d. Mirnuh İsmayılov, Habil Haqverdiyev, c.e.d. prof. Rza Mahmudov, Çingiz Gülalıyev və başqaları çıxışlarında Beynəlxalq coğrafiya olimpiadasına hazırlaşan şagirdlərə hər cür dəstək olacaqlarını bildiriblər, onlara beynəlxalq elm yarışında uğurlar və qalibiyyət arzu ediblər.