Coğrafiya İnstitutunun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər 2025-11-14 14:51:00 / MÜHÜM HADİSƏLƏR

21 oktyabr - 04 noyabr 2025-ci il tarixlərində Çin Elmlər Akademiyasının Dağ Təhlükələri və Ətraf Mühit İnstitutu (IMHE-CAS) və Çin-Pakistan Yer elmləri üzrə Birgə Tədqiqat Mərkəzinin “İpək yolu üzrə fəlakət risklərinin azaldılması və davamlı inkişaf üzrə 2-ci təlim” proqramı çərçivəsində keçirdiyi təlimdə ETN akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən c.ü.f.d., dosent Zaur İmrani və böyük elmi işçi c.ü.f.d. Elnur Səfərov, eləcə də Çin, Pakistan, Nepal, Vyetnam, Tayland, CAR dövlətləri təşkilatlarından, elmi tədris mərkəzlərindən ekspertlər və alimlər iştirak ediblər.

Təlim beynəlxalq akademik əməkdaşlığın möhkəmlənməsi, bilik və təcrübə mübadiləsi üçün böyük əhəmiyyət kəsb edib. Belə ki, regional miqyasda temperatur qlobal orta göstəricidən iki dəfə daha sürətlə istiləşir, ekosistemlərə, su resurslarına və davamlı inkişafa ciddi risklər yaradır. Bu kontekstdə təbii fəlakət risklərinin azaldılması və idarə olunması istiqamətində birgə adaptasiya tədbirlərinin və davamlı strategiyaların işlənilməsi hər zamankından daha vacibdir.

Təlim prosesində son illər Çin ərazisində intensiv hal alan təbii fəlakətləri təhlil etmək və peyk altimetriyası coğrafi informasiya sistemləri (CİS) texnologiyası əsasında müasir müşahidə alətlərindən istifadə etməklə subasma, sel və zəlzələ kimi təbiət hadisələrinin vurduğu ziyanların qiymətləndirilməsinin müəyyən edilməsi təhlil edilib. Bu təlimlər təbii fəlakətlər və onların vurduğu ziyanların elmi əsaslarla öyrənilməsi və qiymətləndirilməsinin aparılması, eləcə də peyk monitorinqi ilə bağlı biliklərin möhkəmləndirilməsi də daxil olmaqla akademik təlim idi. Burada iqlim dəyişmələrinin müasir texnoloji əsaslarla tədqiqi, zəlzələ və sel hadisələrinə məruz qalan ərazilər və risklərlə bağlı yetərincə məlumatlar təhlil edilib. Bundan əlavə, təlim prosesində əldə edilən biliklər gələcək elmi fəaliyyətlərdə yardımçı rolu oynaya biləcək.

Seminar dərsləri geofiziki məlumatların erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının vacibliyi, fəlakət təhlükəsinin azaldılması, seysmik monitorinqlərin aparılması, Çinin milli fəlakətlə mübarizə sisteminin müqayisəli təhlili, Sichuan əyalətində təhlükəli hadisələrin: sel axınları, torpaq sürüşmələri və zəlzələlərin modelləşdirilməsinin praktik nəticələri və s. coğrafi və texniki biliklərin artırılmasına xidmət edir. Bu istiqamətdə olan təlimlərin keçirilməsi risk faktorlarının əlaqəsi haqqında anlayışları zənginləşdirməyə və fəlakət riskini azaltmaq üçün inteqrasiya olunmuş yanaşmalara xidmət edir.

Təlim zamanı məlumatların toplanması, təhlili və risklərin qiymətləndirilməsi üçün böyük məlumat bazalarına inteqrasiyasının vacibliyi vurğulanıb. Etibarlı və inkişaf etmiş informasiya infrastrukturuna əsaslanan regional erkən xəbərdarlıq sistemlərinin yaradılmasının zəruriliyi qeyd edilib. Sahə müşahidələri, təkrar analiz və uzaqdan zondlama məlumatları əsasında gələcək fəlakətlərin baş vermə ehtimalını azaldan platformalar yaradıla bilər.

Elm və təcrübə gələcək təbii fəlakətlərin qarşısını almaq və ya ən azından təsirlərini azaltmaq üçün birlikdə çalışmalıdır. Elmi araşdırmalar təhlükəni anlamağa kömək edir, praktik həllər isə zamana, məkana və miqyasa görə dəyişir. Təlim həm elmi, həm də texniki bacarıqların zənginləşdirilməsinə, beynəlxalq əlaqələrin bir qədər də genişləndirilməsinə və fəlakətlərə qarşı mübarizədə yeni prioritet istiqamətlərin açılmasına yardım edəcəkdir. Bu təlim elm, məlumat və təcrübənin inteqrasiyasının eləcə də regional əməkdaşlığın vacibliyini bir daha təsdiqləyib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025