
13-14 noyabr tarixlərində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və Coğrafiya İnstitutunun yaradılmasının 80 illik yubileyi münasibətilə “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” mövzusunda IV Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfrans Azərbaycanın Coğrafiya İnstitutu, Coğrafiya Cəmiyyəti, Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, Dövlət Pedaqoji Universitetinin Quba filialı, eləcə də Almaniyanın Yustus Libix Universiteti, Türkiyənin Bursa Uludağ Universiteti, Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu və Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Mirzo Uluqbek adına Özbəkistan Milli Universiteti, Gürcüstanın Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu, Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası, Dağıstan Dövlət Texniki Universiteti və R.Qəmzətov adına Dağıstan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə AMEA-nın vitse prezidenti akademik İbrahim Quliyev, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, akademik Akif Əlizadə, həmçinin yerli və xarici ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi müasir coğrafi tədqiqatların prioritet istiqamətlərini müəyyənləşdirmək, elmi biliklərin təhsil və istehsalat sahələrinə transferini sürətləndirmək, beynəlxalq elmi əməkdaşlığı və təcrübə mübadiləsini daha da genişləndirməkdir.
Fəxrəddin Qədirov tədbir iştirakçılarını salamlayaraq konfransı açıq elan edib, müzakirə olunacaq məsələlərdən, keçırılən tədbirin əhəmiyyətindən söz açaraq konfransın işinə uğurlar arzulayıb.
Coğrafiya İnstitutunun baş direktoru v.i.e. c.e.f.d. dosent Zaur İmrani “Coğrafiya İnstitutu – 80 illik zaman kəsiyində” mövzusunda çıxış edib. İnstitut rəhbəri Coğrafiya İnstitutunun qazandığı nailiyyətlər, nəşr fəaliyyəti, əsas elmi nəticələr, institutun inkişaf perspektivləri, coğrafiya elmi qarşısında duran problemlər, son vaxtlar Coğrafiya İnstitutunun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış mühüm addımlar, layihələr və s. haqqında söhbət açıb.
Akademik Akif Əlizadə, ADPU-nun Quba filialının direktoru fiz.e.d., professor Yusif Alıyev, Gürcüstan Coğrafiya İnstitutunun direktoru Nana Bolaşvili, BDU-nun coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov, Qazaxıstanın Su problemləri və Coğrafiya İnstitutunun nümayəndəsi Əlixan Medeu, professorlar Rza Mahmudov, Şövqisəfa Göyçayski, Çingiz İsmayılov, Təbriz Universitetinin professoru Xəlil Vəlizadeh və başqaları salamlama nitqi ilə çıxış edərək Coğrafiya İnstitutunun kollektivini 80 illik yubiley münasibətilə təbrik ediblər.
Plenar iclasda “Sel Assosiasiyası”nın prezidenti, c.ü.f.d. Sergey Çernomorets “Sellərin və buzlaq fəlakətlərinin tədqiqi”, George Lominadze “Gürcüstanda həssas sahil seqmentinin morfodinamik prosesləri və adaptiv bərpası”, Arifə Karadağ “Kiçik məkanlar, böyük təsirlər: Türkiyədə Hobbi bağçılığının və kiçik ev hərəkatının davamlılıq perspektivi” mövzularında məruzə ediblər.
Tədbirdə akad. H.Əliyev adına Coğrafiya İnstitutu ilə Gürcüstanın Coğrafiya İnstitutu və Coğrafiya Cəmiyyəti, eləcə də Mirzo Uluqbəy adına Özbəkistan Milli Universitetinin Coğrafiya İnstitutu arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında memorandum imzalanıb.
Konfrans çərçivəsində bölmə iclaslarında landşaftlardan istifadənin müasir vəziyyəti, iqlim və su ehtiyatlarının idarə olunması, torpaq və bitki örtüyünün mühafizəsi, regionların sosial-iqtisadi inkişafı, turizm və rekreasiya potensialı, gənc tədqiqatçıların işğaldan azad olunmuş ərazilərin inkişafına baxışı kimi aktual mövzular müzakirə edilib.