
Noyabrın 7-9 tarixlərində AR AR Elm və Təhsil Nazirliyinin akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru dosent Tarixazər Stara Qusarçay hövzəsində kompleks tədqiqat işləri aparıb.
Tədqiqatın məqsədi son illərdə fəallaşan sel hadisələrinin yaranma səbəblərini, onların coğrafi şəraitlə və antropogen təsirləri ilə əlaqəsini öyrənməkdir.
Alimin sözlərinə görə, son illərdə Qusarçay hövzəsində palçıq-sel axınlarının intensivliyi artmaqdadır. Bu ilin 22 sentyabrında Qusar rayonunun Laza kəndi yaxınlığında, Qoşaşəlalə ərazisində leysan yağışları nəticəsində güclü palçıq-sel hadisəsi baş vermiş, nəticədə kənd yollarına, kənd təsərrüfatı sahələrinə və digər obyektlərə zərər dəymişdir.
Dəniz səviyyəsindən 1680 metr yüksəklikdə yerləşən Laza kəndində təxminən 30 ev və 130-a yaxın sakin yaşayır. Bu ərazidə 2016-cı il sentyabrın 1-də baş vermiş palçıq-sel nəticəsində Laza kəndinin 53 sakini təxliyə edilib, 2019-cu il 4 iyun tarixindəki sel hadisəsi kəndin əkin sahələrinə ciddi zərər vurub. 2023-cü il 2 avqust tarixində isə sel axını kənd sakinlərinin otlaq və sahə işlərinə getmək üçün istifadə etdikləri Qusarçay üzərindəki körpünü zədələyib.
Qusarçayın mənbəyi 3780 metr yüksəklikdə, sel hadisələrinin əsas ocaqları isə 2500 metr və daha yuxarı yüksəkliklərdə yerləşir. Bu zonalarda son illər dağ-çəmən bitki örtüyünün məhv edilməsi müşahidə olunur ki, bu da torpaq örtüyünün sabitliyini azaldaraq sel riskini artırır.
Tədqiqatçı qeyd edib ki, Qusarçay hövzəsində sel hadisələrinin qarşısının alınması məqsədilə meşə-bərpa tədbirlərinin gücləndirilməsi, yamaclarda antropogen yüklənmənin azaldılması və hidrotexniki qurğuların möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir.