Qarabağda məskunlaşma və demoqrafik vəziyyətlə bağlı tədqiqat aparılıb 2025-10-31 12:12:00 / MÜHÜM HADİSƏLƏR

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının tədqiqi məqsədilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun həmin ərazilərə  səfərləri davam edir.

Demoqrafiya və əhali coğrafiyası şöbəsinin əməkdaşları şöbə müdiri c.ü.f.d. Etibar Bədəlovun rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 10 gün müddətində ekspedisyada olublar. Əsas marşrut istiqaməti Füzuli rayonundan başlayaraq, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Xankəndi, Xocalı və Ağdam inzibati rayonlarını əhatə edib.

Səfər zamanı regionda mövcud olan yaşayış məntəqələrində əhalinin yenidən məskunlaşma prosesi, sosial-iqtisadi və demoqrafik vəziyyət yerində tədqiq edilib, aidiyyatlı dövlət qurumlarının əməkdaşları ilə görüşlər keçirilib, statistik materiallar əldə edilib. Əməkdaşlar yeni salınmış sosial infrastruktur obyektlərinə (məktəb, uşaq bağçası, xəstəxana və s.) baxış keçirib, inzibati rayonların ərazisində yerləşən sənaye, kənd təsərrüfatı, və nəqliyyat infrasturukturu sahəsində görülən tikinti və yenidənqurma işləri ilə tanış olaraq mövcud vəziyyəti tədqiq ediblər.

Həmçinin şöbənin əməkdaşları Azərbaycanda ilk “Ağıllı kənd” olan Ağalı kəndində (Zəngilan rayonu) olaraq yerli əhali ilə söhbətlər aparıblar. Bununla yanaşı Məmmədbəyli kəndinin də yenidən qurulmuş infrastrukturu ilə tanış olublar.

Daha sonra Laçın rayonunun Zabux, Sus, Bəylik və bir sıra yeni salınan kəndlərində yenidənqurma işlərinin gedişatı yaxından izlənilib, inzibati rayonların bərpa, tikinti və idarəetmə xidmətində olan səlahiyyətli nümayəndələrindən yaşayış məntəqələrinə köçürülən əhali haqqında (ailələrin sayı, məşğulluq, yaş tərkibi və s.) məlumatlar toplanılıb.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025