Coğrafiyaçılar Qarabağ toponimlərini tədqiq edirlər 2025-10-31 11:23:00 / MÜHÜM HADİSƏLƏR

Aparıcı elmi işçi, g.ü.f.d. Mahirə Abbasovanın rəhbərliyi altında AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin əməkdaşları Qarabağ və Şərqi Zəngəzur ərazisində ekspedisiyada olublar.

Toponimlər xalqın əsrlər boyu yaratdığı milli və mənəvi sərvətdir və onun gələcək nəsillərə çatdırılması ən mühüm məsələlərdəndir. Coğrafi obyekt adlarının yaranması və inkişafı cəmiyyətin inkişaf dinamikası ilə sıx bağlıdır. Azərbaycan və Ümumtürk toponimiyasının öyrənilməsində regional tədqiqatlar müstəsna əhəmiyyət daşıyır.

Bunu əsas tutaraq tədqiqatçılar səfərdə “Şərqi Zəngəzur iqtisadi rayonunun tədqiqat tarixi və toponimiyası” adlı elmi tədqiqat iş çərçivəsində ərazilərimizin işğalı zamanı və işğaldan sonrakı dövrdə baş verən dəyişikliklərin - əhali məskunlaşmasının, sıradan çıxan və yeni yaranan coğrafi obyekt adlarının, aparılan bərpa və quruculuq işlərinin, təbiət aləminin  qorunması faktlarının  və s. aşkar edilməsi məqsədini güdüblər.

Əməkdaşlar Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında fəaliyyət göstərən sənaye, kənd təsərrüfatı və nəqliyyat infrastruktur sahələrlə yaxından tanış olub, müvafiq təşkilatların nümayəndələri ilə görüşüb fikir mübadiləsi aparıblar, tədqiqat işinə aid müxtəlif materiallar toplayıblar.

Şöbə müdirinin sözlərinə görə  işğal zamanı kənd, qəsəbə, şəhər və maddi mədəniyyət abidələrinin  xarabazarlığa çevrilməsi yüzlərlə yaşayış məntəqəsinin və saysız-hesabsız coğrafi obyekt adlarının sıradan çıxmasına, məhv olmasına səbəb olub. İşğaldan azad edilən torpaqlarda aparılan tikinti, abadlıq və quruculuq işlərindən ən dəyərlisi, yaşayış məntəqələrinin yenidən qurulması, müxtəlif infrastruktur sahələrinin genişləndirilməsi, “Böyük Qayıdış”la bağlı qaçqın və köçkünləri öz ata-baba yurdlarında mütamadi olaraq məskunlaşdırılması və yeni yaşayış məskənlərinin, istehsal sahələrinin  geniş vüsət alan quruculuq işlərinin  yaradılmasıdır. Laçın rayonunda Zabux, Sus, Bəylik kəndlərinin yenidən qurulması, Həkəri çayı üzərində Həkəri bulvarının salınması, Laçın hava limanının, Laçın otelinin və Zəngilan rayonunda Birinci, İkinci, Üçüncü Ağalı kəndlərinin pilot layihəsi çərçivəsində birləşdirilərək Ağıllı (Ağalı) kənd adlandırılması alqışlanandır.

Mahirə Abbasovanın fikrinə görə xalqımıza qarşı müxtəlif zaman və məkan daxilində törədilən vəhşiliklərin baş verdiyi yerlərin müəyyənləşdirilməsi və orada törədilən faciənin məzmununa uyğun olaraq  hər bir yerin özünə məxsus əbədiləşdirilərək tarixə salınması, gələcək nəsillərə çatdırılması ən aktual, vacib məsələlərdəndir.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025