Coğrafiyaçılar çay hövzələrində landşaft ekoloji tədqiqatlar aparıblar 2025-10-10 15:34:00 / MÜHÜM HADİSƏLƏR

Oktyabrın 1-dən 8-dək şöbə müdiri c.ü.f.d. dosent Mirnuh İsmayılov olmaqla ETN akademik H.Əliyev adına  Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin aparıcı elmi işçisi  dosent İrina Kuçinskaya və kiçik elmi işçi Emil Cəbrayılov Vəlvələçay, Qudyalçay və Qusarçay hövzələrində landşaft ekoloji tədqiqatlar aparıblar.

Ekspedisiyanın məqsədi müasir iqlim dəyişmələrinin və qəfil sinoptik proseslərin təsiri ilə yaranan landşaft-ekoloji dinamiki tendensiyaları sel, daşqın və sürüşmələr kimi təhlükəli təbiət hadisələrinin və uzunmüddətli dövrdə bunun su ehtiyatlarına təsirinin qiymətləndirmək olub.

Tədqiqatçılar xüsusilə Laza kəndi ərazisində son zamanlar baş verən sürüşmə-sel palçıq axınının tədqiqinə xüsusi diqqət yetiriblər. Burada 2025-ci il sentyabrın 22-də növbəti palçıq-sürüşmə-sel axını baş verib. Oxşar hadisələr bu ərazidə 1993, 2006 və 2019-cu illərdə də müşahidə olunub. Tədqiqat zamanı yamac və çay yatağının morfoloji dəyişiklikləri qeydə alınıb, dağıntıların miqyası və axının ətraf təbii komplekslərə təsiri qiymətləndirilib.

Toplanmış materiallar müasir landşaft - geomorfoloji proseslərin xüsusiyyətlərini dəqiqləşdirməyə imkan verəcək və Böyük Qafqazın şimal-şərq yamacında təbii risklərin azaldılması və dağ ekosistemlərinin mühafizəsi üzrə tövsiyələrin hazırlanmasında istifadə olunacaq.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025