AMEA akad. Həsən Əliyev adına Coğrafiya İnstititunda görkəmli alim, AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru, professor Şahvələd Xəlilovun anadan olmasının 75 illik yubileyinə həsr edilmiş xatirə günü keçirildi.
Tədbiri giriş sözü ilə Coğrafiya Institutunun direktoru, akademik Ramiz Məmmədov açaraq bildirdi ki, Ş.Xəlilov coğrafiya elminə dəyərli töhfələr vermiş, görkəmli tədqiqatçı alimdir. O, Azərbaycan coğrafiyaçıları içərisində birinci olaraq yeni su anbarlarının səmərəli yerləşdirilməsinin əsas ekoloji-coğrafi prinsiplərini işləyib hazırlamış, mövcud su anbarlarının ətraf mühitə neqativ təsirlərinin, o cümlədən onların lillənməsi və sahillərinin dinamikasının intensivliyi proqnozunu vermişdir.
Sonra İnstitutun Coğrafi fikir tarixi şöbəsinin müdiri, c.ü.f.d. Habil Haqverdiyev alimin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. O bildirdi ki, Ş.Xəlilov coğrafiyaşünas alim olmaqla bərabər, eyni zamanda, ictimai xadim olmuş, Azərb. EA partiya komitəsinin katibi, Bakı Şəhər Sovetinin deputatı seçilmiş, Azərbaycan müstəqillik əldə etdikdən sonra YAP Yasamal rayon təşkilatının əsas təşkilatçılarından biri, AR Prezidenti yanında AAK Ekspert şurasının üzvü olmuşdur.
BDU-nun coğrafiya fakultəsinin dekanı, c.e.d., professor Fərda İmanov, dekan müavini dosent Şəkər Məmmədova, Təbiəti mühafizə kafedrasının müdiri, c.e.d., professor Şövqi Göyçaylı, İqtisadi coğrafiya kafedrasının müdiri, c.e.d., professor Tapdıq Həsənov, BDU Həmkarlar Komitəsinin sədri, dosent Fikrət Şiriyev, ADPU-nun Coğrafiya fakültəsinin dekanı, c.ü.f.d. Mətanət Əsgərova, Coğrafiya institutunun Ekocoğrafiya şöbəsinin müdiri, a.e.ü.f.d. dosent Ənvər Əliyev, Qurunun hidrologiyası şöbəsinin müdiri, c.e.d. Rəna Qaşqay, institutun elmi katibi Luiza Salayeva və başqaları Ş.Xəlilovla bağlı xatirələrini görüş iştirakçıları ilə bölüşdülər.
Alimin oğlanları və nəvəsi də tədbirdə iştirak edirdi.
Sonda Ş.Xəlilovun oğlu tədbiri təşkil etdiklərinə görə ailəsi və qohumlar adından institut rəhbərliyinə öz təşəkkürünü bildirdi.