Coğrafiyaçılar Abşeron və Qobustan ərazilərində tədqiqat aparıblar 2025-09-26 18:39:00 / MÜHÜM HADİSƏLƏR

Şöbə müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru dosent İsmayıl Quliyevin rəhbərliyi ilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycan torpaq ehtiyatları coğrafiyası şöbəsinin elmi işçiləri Xuraman Nağıyeva, Çiçək Nəsirova və kiçik elmi işçi Rauf Hüseynov  səhralaşma prosesinin gedişi ilə əlaqədar on gün müddətdə Abşeron və Qobustan ərazilərində ekspedisiyada olublar.

Ekspedisiyanın məqsədi ərazinin torpaq örtüyünə təbii və antropogen amillərin təsirini qiymətləndirmək, səhralaşma prosesinin sürətini müəyyələşdirmək və bu istiqamətdə proqnoz hazırlamaq olub.

Müsbət və mənfi antropogen təsirlər nəzərə alınmaqla, beş istiqamət üzrə marşrut təşkil edilib, torpaq taksonomik vahidlər nəzərə alınmaqla xarakterik torpaq kəsimləri qoyulub, səhralaşma prosesinin mühüm xüsusiyyətləri nəzərə alınmaqla, morfoloji təsvirlər aparılıb, nümunələr götürülərək analiz üçün laboratoriyaya gətirilib.

Təbii və antropogen amillərin fərqli təsir zonalarında ekzodinamiki proseslərin səhralaşmaya təsirini qiymətləndirmək üçün təcrübələr qoyulub və bir həftə sonra analiz üçün təcrübə nümunələri götürülüb. Qobustanın ayrı-ayrı palçıq vulkanlarının səhralaşmaya, torpaq örtüyünə təsiri də araşdırılıb. Müxtəlif illəri əks etdirən peyk şəkillərinin natura üzrə tutuşdurulması aparılıb, fərqlər qeyd edilib.

Hazırda kameral şəraitdə materiallar təhlil olunaraq analiz edilir.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025