Baş direktor v.i.e. coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmraninin sədrliyi ilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.
Tədbirdə yeni qəbul olunmuş doktorantlar, onların elmi rəhbərləri və Almaniyanın Gissen Universitetinin Azərbaycanda təcrübə keçən tələbələri də iştirak edib.
Əvvəlcə dissertantların dissertasiya mövzularının adları müzakirə edilərək təsdiq edilib.
Sonra Coğrafiya İnstitutu ilə Almaniyanın Gissen Universitetinin Coğrafiya Departamenti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən tələbə mübadilə çərçivəsində 3 ay müddətinə Gissen şəhərinə ezam edilmiş “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin əməkdaşı Bəyimxanım Hüseynovanın hesabatı dinlənilib.
DAAD (Alman Akademik Mübadilə Xidməti)-ın «Şərq-Qərb Dialoqu-2025» Proqramının «Transmilli Geoparkların yaradılması ilə Regional Əməkdaşlığın Gücləndirilməsi» adlı layihəsinə əsasən B.Hüseynova 20.04.2025-17.07.2025 tarixlərində keçdiyi təcrübə müddətində qatıldığı elmi seminarlar, onların əhəmiyyəti, gələcək tədqiqatlarda rolu və faydaları barədə təqdimatla çıxış edib. Seminarda doktorant qatıldığı ekskursiyalar, konfranslar və elmi-təcrübi işlər barədə məlumat verib, bu kimi proqramların gənclərin tədqiqat işi aparmaq bacarıqlarının artırılması, onların dil bacarıqlarının inkişaf etdirilməsi və yeni təcrübələrə yiyələnməsi baxımından əhəmiyyətlini vurğulayıb.
Sözü gedən əməkdaşlıq çərçivəsində 1 ay müddətində Almaniyanın Gissen Universitetində təcrübə mübadiləsi keçmiş Turizm və rekreasiya coğrafiyası şöbəsinin baş laborantı Şəms İmrani təqdimatla çıxış edib.
Bildirilib ki, Coğrafiya İnstitutunun əməkdaşları - Şəms İmrani və “Geoinformatika və kartoqrafiya” şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylı, eləcə də doktorantlar – Gülər Hidayətli, Sevinc Burzuyeva, Güllü Əsgərli və Lamiyə Xəlilova “İqlimə adaptasiya və coğrafi mübadilə” proqramının “Coğrafi təhsil və tədqiqat innovasiyası: Azərbaycanda iqlim uyğunlaşmasının birgə strategiyaları” beynəlxalq layihəsi çərçivəsində 2025-ci il iyunun 15-dən iyulun 15-dək Gissen Universitetində təcrübə mübadiləsi keçmişlər.
Azərbaycanlı təcrübəçilər mübadilə zamanı Gissen Universitetində təşkil edilmiş elmi seminarda “Azsaylı xalqların irsinin qorunmasında icma-əsaslı mədəni turizmin rolu (Quba rayonunun Qırmızı Qəsəbəsi üzrə), “Post-münaqişə zonalarında regional inkişafın təmin olunmasında idman turizminin rolu. (Azərbaycan nümunəsində), “Azərbaycanda dağlıq bölgələrdə dayanıqlı turizm: Göygöl Milli Parkında ətraf mühitə təsirlər və ziyarətçi idarəçiliyi”, “Post-sənaye ərazilərinin şəhər rekreasiya məkanlarına transformasiyası: Bakı şəhəri üzrə neft mənzərəsindən yaşıllıq landşaftına keçid” və “Ağıllı şəhərlər əsrində şəhər turizmi: Bakıda innovasiya və davamlılığın balanslaşdırılması” mövzularında məruzələrlə çıxış ediblər.
Səfərdə olduqları müddətdə gənc coğrafiyaçılar proqram çərçivəsində Gissen şəhəri yaxınlığında yerləşən “Besucherbergwerk Grube Fortuna” köhnə dəmir mədənini, Marburg şəhərində Mineralogiya Muzeyini ziyarət edib, “Hesentag 2025 bad vilbel” adlı yarmarkada iştirak ediblər.
Təlimin sonunda təcrübəçilərə sertifikat təqdim edilib.