“Böyük Qayıdış” I Dövlət Proqramı çərçivəsində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri c.ü.f.d., dos. Mirnuh İsmayılov və aparıcı elmi işçisi c.ü.f.d., dos. Elina Kərimova 14–23 avqust tarixlərində Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekspedisiyada olublar.
Ekspedisiyanın əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur bölgələri landşaftlarının təbii ehtiyat potensialının qiymətləndirilməsi, müasir transformasiya tendensiyalarının və ekogeokimyəvi şəraitinin tədqiqidir. Tədqiqatlar zamanı ərazilərdən 40-dan çox torpaq, bitki və süxur nümunələri götürülüb.
Aparılmış tədqiqatlar öyrənilən ərazilərdə təbii genofondun qorunmasında, unikal struktura malik ekosistemlərin xəritələşdirilməsində, eləcə də yeni infrastruktur və məskunlaşma layihələrinin davamlı inkişafında, ətraf mühitə uyğunlaşma səviyyəsinin təyinində mühüm əhəmiyyət daşıyır.
Ekspedisiya çərçivəsində aqrolandşaftların mənimsənilməsinin əsas prinsiplərinin, kənd və şəhər planlaşdırılmasının, müxtəlif landşaft ərazilərində mineral ehtiyatlardan rasional istifadənin işlənməsi əsasında landşaft-ekoloji tövsiyələrin hazırlanması planlaşdırılır.