Coğrafiyaçı alim Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi ilə əlaqədar müsahibə verib 2025-09-03 12:59:00 / MÜHÜM HADİSƏLƏR

“Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi qlobal güc deməkdir. Bu xətt müasir rabitə şəbəkəsi olmaqla yanaşı, davamlığın təminatıdır. Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel xəttinin əsas üstünlüyü isə Asiya ilə Avropanı birləşdirən telekommunikasiya körpü rolunu oynamasıdır”.

Bu sözləri AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  baş direktoru, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani  “İnformator.az” saytına verdiyi müsahibəsində bildirib.

Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Xəzərin ekoloji vəziyyəti ilə bağlı 2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinin başa çatdırılacağını diqqətə çatdırıb. Məsələyə münasibət bildirən Z.İmraninin sözlərinə görə “Müasir zamanda məlumatların əldə edilməsi və ötürülməsi sosial-iqtisadi inkişafın ilkin piramidası hesab olunur. Bu baxımdan, fiber-optik kabel xəttinin Xəzər dənizinin dibi ilə çəkilməsi həm Azərbaycanı, həm də Qazaxıstanı regionda rəqəmsal infrastruktur gücünü artıracaqdır".

Diqqəti həmçinin Xəzər dənizinin səviyyə tərəddüdləri və ekoloji problemlərinə yönəldən İnstitut direktoru bununla bağlı bir sıra ekoloji problemlərin özünü daha qabarıq şəkildə göstərdiyini vurğulayıb. O deyib ki, müasir zamanda Xəzərin problemini qlobal istiləşmə, təbii fəlakətlər, Xəzərətrafı dövlətlərin inşa etdiyi yeni su anbarları və s. ilə əlaqələndirirlər. Bu tip problemlər Xəzər dənizinin ekosisteminə mənfi təsir göstərir, onun canlı aləminin məhvinə gətirib çıxarır.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz: https://informator.az/news_33068.html

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025